SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Cəbrayıl və Xocavənd rayonlarına növbəti KÖÇ GƏLDİ

Cəbrayıl və Xocavənd rayonlarına növbəti KÖÇ GƏLDİ

  • 24 dekabr 2025, 20:39
Cəbrayıl

İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Yurd.Media xəbər verir ki, Horovlu kəndi bu gün 19 ailə olmaqla, 70 nəfərə qucaq açıb.

Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

Bugün həmçinin işğaldan azad olunan Xocavənd rayonunun Sos kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Sos kəndi bu gün 24 ailə olmaqla, 99 nəfərə qucaq açıb.

Yaşayış məntəqəsində sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.

Kəndə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Xocavənd rayonunun Sos kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları