Azərbaycanda bu il avtomobil sürərkən mobil telefondan istifadəyə görə qanun pozmalarından 550 min manata qədər cərimə yığılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Yurd.Media-ya bildirilib ki, 2026-cı ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta faktı aşkarlanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsinə əsasən, maşın sürərkən sürücülərin telefondan istifadə etməsi, yəni qulaqcıqsız və ya avtomobilin multimedia sisteminə qoşulmadan danışması 50 manat məbləğində cərimə ilə nəticələnir.
BDYPİ-dən bildirilib ki, bu statistika sürücülərin bir qisminin hələ də diqqəti yayındıran bu təhlükəli vərdişdən tam imtina etmədiyini göstərir:
"Mobil telefondan istifadə nəticəsində yaranan diqqətsizlik ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək əsas risk amillərindən biridir. Bu təhlükənin qarşısının alınması nəzarət tədbirləri ilə yanaşı, hər bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmasından və sükan arxasında diqqətini yalnız yola yönəltməsindən asılıdır".
Mobil telefondan istifadənin yaratdığı əsas təhlükələr:
- Diqqətin yayınması: Telefona baxan sürücü yolda baş verənləri vaxtında qiymətləndirə bilmir, yol nişanlarını, nişanlanma xətlərini, piyadaları və digər hərəkət iştirakçılarını nəzərdən qaçıra bilir.
- Reaksiyanın gecikməsi: Telefonla məşğul olan sürücünün reaksiyası əhəmiyyətli dərəcədə ləngiyir ki, bu da qəfil yaranan təhlükə zamanı əyləc və ya manevr imkanlarını məhdudlaşdırır.
- Nəzarətin itməsi: Mobil telefona yönələn diqqət sürücünün hərəkət zolağından çıxmasına, təhlükəli manevrlər etməsinə və qarşıdakı məsafəni düzgün qiymətləndirə bilməməsinə səbəb olur.