SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Məmmədli kəndində poçt şöbəsi bağlanıb - “Azərpoçt” səbəbi açıqladı

Məmmədli kəndində poçt şöbəsi bağlanıb - “Azərpoçt” səbəbi açıqladı

Abşeron

Abşeron rayonunun Məmmədli kəndində fəaliyyət göstərən poçt şöbəsinin bu ilin avqust ayında bağlanması sakinlər üçün çətinlik yaradıb. Kənddə poçt xidmətlərinin dayandırılmasından sonra sakinlər məktub və bağlamaların göndərilməsi, eləcə də digər poçt əməliyyatlarını həyata keçirmək üçün qonşu yaşayış məntəqələrinə, əsasən Mehdiabad poçt şöbəsinə müraciət etməli olurlar.

Vətəndaşlar bildirirlər ki, əvvəllər öz kəndlərində həyata keçirdikləri poçt əməliyyatları üçün indi başqa əraziyə getməli olurlar. Bu isə əlavə vaxt və yol xərci ilə yanaşı, xüsusilə yaşlı insanlar və mütəmadi olaraq poçt xidmətlərindən istifadə edən sakinlər üçün narahatlıq yaradır.

“Azərpoçt”dan məsələ ilə bağlı Yurd.Media-ya bildirilib ki, Abşeron rayonu üzrə poçt şəbəkəsinin fəaliyyəti xidmətlərin əlçatanlığı qorunmaqla faktiki tələbat və istifadə intensivliyinə uyğunlaşdırılır.

Qurumun məlumatına görə, Abşeron Poçt Filialının AZ0125 indeksli Məmmədli poçt şöbəsinin fəaliyyəti 11 avqust 2026-cı il tarixindən dayandırılıb.

Şöbənin bağlanma səbəblərinə toxunan “Azərpoçt” qeyd edib ki, poçt şəbəkəsi ilə bağlı qərarlar xidmətlərə olan tələbat, müraciətlərin həcmi, ərazi üzrə əlçatanlıq və əməliyyat səmərəliliyi nəzərə alınmaqla qəbul edilir.

Qurum Məmmədli sakinlərinin poçt xidmətlərindən istifadəsinin davam etdirilməsi üçün alternativ ünvanın da müəyyənləşdirildiyini açıqlayıb. Belə ki, məktub və digər poçt göndərişlərinin qəbulu və çatdırılması AZ0118 indeksli Mehdiabad poçt şöbəsi tərəfindən həyata keçirilir.

Poçt şöbələrinin bağlanması zamanı çalışan əməkdaşların sonrakı iş taleyi ilə bağlı isə şirkət əmək münasibətlərinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimləndiyini qeyd edib. Lakin Məmmədli poçt şöbəsinin əməkdaşlarının hazırkı iş statusu barədə konkret məlumat açıqlamayıb.

“Azərpoçt” həmçinin bildirib ki, poçt şəbəkəsində dəyişikliklər aparılarkən əhalinin xidmətlərə çıxışının davamlılığı əsas meyarlardan biri kimi nəzərə alınır. Qurumun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə poçt infrastrukturunun bərpası, müasir tələblərə uyğunlaşdırılması və yeni poçt məntəqələrinin açılması istiqamətində də işlər davam etdirilir.

Beləliklə, Məmmədli kəndində poçt şöbəsinin fəaliyyətinin dayandırılmasından sonra sakinlər üçün alternativ xidmət ünvanı müəyyənləşdirilsə də, kənddə yerli poçt məntəqəsinin yenidən açılıb-açılmayacağı hələlik açıqlanmayıb.

Skat.az - Ev və Avtomobil elanları