Dini-ideoloji sahədə təhsil alan gənclər Gəncənin zəngin tarixi və dini-mədəni irsi ilə tanış olurlar.
Yurd.Media-nın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gəncə Dövlət Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlər” həftəsi baş tutur.
Layihənin məqsədi dini-ideoloji sahədə təhsil alan gənclərin dünyəvi düşüncə tərzini, Azərbaycançılıq məfkurəsinə, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə bağlılığını, eləcə də milli kimlik şüurunu gücləndirməkdir.
Proqram çərçivəsində Gəncə Dövlət Universitetində “Mənəvi dəyərlər” günü təşkil olundu. Müvafiq dövlət qurumlarının nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbər və pedaqoji heyətinin, eləcə də tələbələrin qatıldığı tədbirdə universitetin və Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri mövzuya dair mühazirələrlə çıxış edib, müzakirələr aparılıb.
Həftə ərzində Gəncənin zəngin tarixi və dini-mədəni irsinin tanıdılması məqsədilə şəhərdəki tarixi abidələrə və dini məkanlara ekskursiyalar nəzərdə tutulur.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, "Mənəvi dəyərlər" həftəsi tələbələrin Azərbaycanın milli-mədəni irsini öyrənmələrinə imkan yaradır.
O, bildirib ki, tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin tələbələrinin bölgələrdəki universitetlərin tələbələri ilə bir araya gəlmələri, qarşılıqlı müzakirələrin aparılmasıdır:
"Eyni zamanda, tədbir çərçivəsində tələbələr Azərbaycanın müxtəlif tarixi və mədəni abidələri, mənəvi dəyərlərimizi əks etdirən məkanlarla tanış olmaq imkanı qazanırlar. Ümid edirik ki, Gəncədə təşkil edilən tədbir də tələbə və müəllimlər üçün faydalı olacaq".