Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıya səfər edib, Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü baş tutub.
Yurd.Media xəbər verir ki, daha sonra İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev mətbuata bəyanatında deyib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın çox fəal mərhələsindədir:
"Biz sizin (Antonio Koşta – red.) səfərinizə böyük əhəmiyyət veririk və əminəm ki, bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfə verəcək. Onlar uğurla inkişaf edir, xüsusilə son dövrlərdə. Bizim çox fəal dialoqumuz var".
Həmçinin Azərbaycan Prezidenti qeyd edib ki, əməkdaşlığımızın digər bir sahəsi bərpaolunan enerjidir:
"Burada böyük potensial var. Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da bəyanatında qeyd edib ki, Azərbaycan Respublikası Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır:
"Son bir il ərzində biz əlaqələrimizi daha da canlandırdıq və bugünkü görüşümüz də bunun bariz nümunəsidir”, - deyə Avropa İttifaqı Şurasının Prezidenti bildirib.
O, Avropa İttifaqının bundan sonra da təhlükəsizlik, enerji, rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığı irəli aparmaq niyyətində olduğunu vurğulayıb.
Antonio Koşta vurğulayıb ki, Orta Dəhlizin inkişafı strateji imkanlar təklif edir. Bakı-Naxçıvan dəmir yolu layihəsinin başa çatdırılması da olduqca vacib bir elementdir:
"Bu, Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq".
Antonio Koşta bu layihənin yeni iş yerləri yaradacağını və ölkələrin iqtisadiyyatlarını gücləndirəcəyini vurğulayaraq deyib:
“Biz Azərbaycanın firavan və bir-birinə bağlı olan Cənubi Qafqaz ölkələri ilə bağlı baxışını paylaşırıq”.
