Bakının Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 70 ünvanında binanın zirzəmisinə giriş-çıxış zəbt olunub.
Yurd.Media xəbər verir ki, bu səbəbdən sakinlər avtomobillərini saxlamağa yer tapa bilmədiklərini, binanın qarşısında yer olmadığı üçün təcili tibbi yardım avtomobilləri və taksilər binanın kənarında gözləməli olduğunu deyirlər.
Sakinlərin sözlərinə görə, qaraj kimi nəzərdə tutulan yerlərdə hazırda müxtəlif obyektlər fəaliyyət göstərir. Bu səbəbdən bina istismara qəbul edilmir və nəticədə sakinlər yaşadıqları mənzillər üçün çıxarış ala bilmirlər.
Digər problem isə zirzəmi qatından keçən elektrik naqillərinin su altında qalmasıdır. Zirzəmiyə giriş hissəsi zəbt olunduğundan sakinlər problemin aradan qaldırılmasının mümkün olmadığını bildirirlər. Bu vəziyyət binada yanğın təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradır. Zirzəminin zəbt olunması ilə bağlı iddialara aydınlıq gətirmək üçün binanın tikintisinə məsul şəxs ilə əlaqə saxlanılsa da, zənglər cavabsız qalıb.
Yasamal Rayon İcra Hakimiyyətindən “ATV Xəbər”ə bildirilib ki, sözügedən bina qurumun balansında deyil. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzil-tikinti kooperativi tərəfindən inşa edilən yaşayış binasının tikintisinə 2010-cu ildə başlanılıb. Tikinti başa çatdırılmadan rəhbər şəxs cinayət məsuliyyətinə cəlb olunub və işlər yarımçıq qalıb. Daha sonra tikinti sakinlər tərəfindən tamamlanıb. Lakin bəzi çatışmazlıqlara görə binanın istismarına icazə verilməsi mümkün olmayıb.