“Azstone” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən şirkətə protokol yazılıb.
Belə ki, Qudyalçay çayının Timiryazev kəndi ərazisindən keçən hissəsində çayın sağ sahilində qum-çınqıl emalı sexinin fəaliyyət göstərdiyi, xüsusi texnika vasitəsilə qazıntı işlərinin aparıldığı, su obyekti üzərində mülkiyyət hüququ pozularaq özbaşına tutulduğu və formalaşan çirkab suların su obyektinə axıdıldığı müəyyən edilib.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 229, 262.1.2, 264.0.1 və 264.0.4-cü maddəsi ilə protokol tərtib edilsə də Quba Rayon Məhkəməsinin qərarı ilə şirkətin törətdiyi əməl sübata yetirilməyib və inzibati xəta haqqında icraata xitam verilib.
Bu qərardan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti apellyasiya şikayəti verib. Şikayətdə qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi xahiş edilib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilib. Quba Rayon Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilib. İşin yenidən araşdırılması qərara alınıb.