"Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsi tərəfindən restorana böyük məbləğdə borc yazılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Birlik tərəfindən Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun kənarında yerləşən “21-ci ƏSR” qeyri-yaşayış sahəsinə 2023-2024-cü illər ərzində ümumilikdə 3564 manat borc hesablanıb.
Restoranın rəhbərliyi tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilib və borc pulun silinməsi barədə qətnamə qəbul olunması xahiş edilib.
İddia sənədlərinə görə, 2023-cü il tarixli akt əsasında hesablanmış 945 manat, 2024-cü il tarixli aktda isə 2619 manat borc yazılıb.
O bildirib ki, qaz sayğacı qaz idarəsinin əməkdaşları tərəfindən, lahiyyəyə əsasən quraşdırılıb, sərfiyata görə ödənişlər vaxtlı-vaxtında edilib və qaz sayğacına heç vaxt müdaxilə edilməyib:
"Ayda bir neçə dəfə qaz nəzarətçisi gələrək sayğacın göstəricisini yazır, əgər artıq cihaz olsaydı bununla bağlı ərizəçiyə xəbərdarlıq edilməli idi. Qeyd olunan aktlarda isə istifadədə olmayan, əlavə qaz cihazlar qeyd edilməklə, əlavə sərfiyyat hesablanıb".
Obyekt sahibi qeyd edib ki, "Azəriqaz" verilən qaz təhcizatının dayandırılması ilə ərizəçini hədələyir və ondan təqsiri olmadığı halda, istehlak etmədiyim təbii qaza görə 3564 manat əsassız pul tələb edir:
"Bir neçə gündür onlar tərəfindən qaz təhcizatı dayandırılıb və bu da müəyyən problemlər yaradır. Odur ki, ərizəçinin iddia tələbi məhkəmədə öz həllini tapana kimi müvəqqəti təminat tədbiri kimi qazın bərpası və təbii qazın verilməsinin cavabdehə qadağan edilməsi zərurəti yaranıb” – deyə iddia ərizəsində qeyd olunub.
Məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə təmin edilib. Qərarda göstərilib ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçının İstehsalat Birliyinə qarşı verilmiş borcun silinməsi tələbi barədə iddia ərizəsinə kommersiya işinə baxılaraq iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək restorana qazın dayandırılması cavabdehə qadağan edilib.