Afrika ölkələrinin nazirləri Bakıda sosial bərabərsizliyin artması və güclənən iqlim risklərini müzakirə ediblər.
Yurd.Media xəbər verir ki, Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) üçüncü günü çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşü keçirilir.
Nazirlər görüşü Afrikanın bəyannamələrdən konkret praktiki fəaliyyətə və onların həyata keçirilməsinə keçidini təmin etmək məqsədi daşıyır.
Görüş iştirakçıları Nayrobi Bəyannaməsinin beş prioritet istiqaməti üzrə konkret öhdəliklər, məsul tərəflər və icra müddətlərini əhatə edən həyata keçirmə üzrə Nazirlər Fəaliyyət Planını qəbul etməyi planlaşdırırlar.
Bundan əlavə, onlar həmçinin mənzil, iqlim, idarəetmə və maliyyələşdirmə məsələlərinə dair konkret təkliflər daxil olmaqla, 2026-cı ilin iyulunda BMT Baş Assambleyası çərçivəsində Yeni Şəhər Gündəliyinin yüksək səviyyəli icmalı üzrə Afrikanın vahid mövqeyini razılaşdırmağı planlaşdırırlar.
BMT-nin Afrika üçün İqtisadi Komissiyası (UNECA) nümayəndəsi Cüzeppe Tesoriere bildirib ki, forum Afrikanın şəhər inkişafı üçün kritik əhəmiyyətli məqamda – sürətli urbanizasiya, sosial bərabərsizliyin artması və güclənən iqlim riskləri fonunda keçirilir. Tesoriere vurğulayıb ki, bu zaman siyasi öhdəliklərin real tədbirlərə çevrilməsi üçün vaxt daralmaqdadır.
O, UNECA-nın üzv dövlətlərə və tərəfdaşlara davamlı urbanizasiyanın həyata keçirilməsində dəstəyini davam etdirmək niyyətində olduğunu vurğulayıb.
"BMT-nin Afrika üçün İqtisadi Komissiyası bu səylərdə üzv dövlətlərə dəstək verməyə və bütün tərəfdaşlarla əməkdaşlığa sadiqliyini təsdiqləyir. Biz daxili resursların səfərbər edilməsində, məlumatlara əsaslanan şəhər planlamasının irəli aparılmasında, yerli hakimiyyət orqanlarının potensialının gücləndirilməsində, həmçinin davamlı urbanizasiyanın potensialının tam üzə çıxarılması üçün zəruri olan analitik və siyasi dəstəyin göstərilməsində ölkələrə kömək etməyə hazırıq", – UNECA-nın nümayəndəsi bəyan edib.