80-ci illərin sonlarında ölkənin rok səhnəsində özünəməxsus yer tutan, Azərbaycan rokunun vizit kartı sayılan “Yuxu” qrupu yeni tərkiblə fəaliyyətini bərpa edib. Qrup artıq ilk konsertini də verərək dinləyicilərlə yenidən görüşə çıxıb.
Yurd.Media-ya açıqlamasında qrupun üzvlərindən biri, zərb alətləri ifaçısı Çingiz Eyvazov bildirib ki, kollektivin əsası əslində 1987-ci ildə qoyulub. Onun sözlərinə görə, qrupun yaranması təsadüfi deyil, dostluq və qonşuluq münasibətlərindən doğub:
“İbrahimlə qonşu idik, digər üzvlər də yaxın dostlarımız idi. Mahnıların sözləri və musiqisi əsasən Namiq Nağdəliyev və İbrahim Eminə məxsus idi. Amma biz – mən və Cəsur Nemətov da zaman-zaman yaradıcılığa qoşulurduq. Məşqlər zamanı hər kəs öz fikrini bildirirdi və mahnılar belə ərsəyə gəlirdi”.
Qrup Sumqayıt şəhərində formalaşıb və qısa müddətdə populyarlıq qazanıb. Sovet dövrünün məhdudiyyətlərinə baxmayaraq, musiqiçilər xarici rok janrına maraq göstərib və onu yerli musiqi ilə uyğunlaşdırmağa çalışıblar:
“O illərdə xarici musiqiyə çıxış çətin idi. Amma yenə də müxtəlif yollarla rok ifaçılarını tapıb dinləyirdik. Həmin üslubu Azərbaycan dilinə və musiqisinə uyğunlaşdırmaq istəyirdik”.
Qrupun repertuarında bir sıra məşhur mahnılar yer alıb. Onların ən tanınmış hitlərindən biri “Xəzərin sahilində” kompozisiyasıdır. Mahnıya çəkilən klipin rejissoru isə Vahid Mustafayev olub. Klipin yayımlandıqdan sonra qrupa böyük maraq yaranıb:
“Klip çıxanda biz Türkiyəyə getdik. Orada olduğunuz zaman klip Azərbaycanda çox populyar oldu və qayıdanda artıq bizi hər kəs tanıdı . Həmin iş bizə geniş fanat auditoriyası qazandırdı”.

Qrup 90-cı illərin sonlarına qədər fəaliyyət göstərib. Sonradan üzvlərin müxtəlif ölkələrə köçməsi və şəxsi işlərinin artması səbəbindən kollektiv fəaliyyətini dayandırıb. Qrupun əsas üzvlərindən olan İbrahimin isə vaxtsız vəfatı bu planları yarımçıq qoyub:
“İbrahim qrupu yenidən bir araya gətirmək istəyirdi, amma alınmadı. Təəssüf ki, o dünyasını dəyişdi. Mən isə bu arzunu reallaşdırmaq istədim”.
Çingiz Eyvazovun təşəbbüsü ilə yeni tərkib formalaşdırılıb. O, İbrahimin qohumu Elçin Eminlə əlaqə saxlayaraq, gənc və istedadlı musiqiçiləri bir araya gətirib. Nəticədə “Yuxu” yenidən səhnəyə qayıdıb.
Qrup artıq bu ilin aprelin 10-da böyük konsert proqramı ilə çıxış edib və hazırda Türkiyədə qastrol səfərinə hazırlaşır. Gələcək planlarda yeni konsertlər və layihələr də yer alır.
Maraqlıdır ki, Çingiz Eyvazov son 30 ildə paralel olaraq tatu ustası kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, bu sahə də incəsənətin bir qoludur:
“Tatuirovka həm əl qabiliyyəti, həm də diqqət tələb edən sənətdir. Uzun illərdir bu işlə məşğulam və əsas fəaliyyət sahəmdir”.

Yeni mərhələdə qrupun mahnılarının söz və musiqisi üzərində də məhz Eyvazov çalışır. O bildirir ki, bu istiqamətdə özünü daha da inkişaf etdirmək niyyətindədir.
Əfsanəvi “Yuxu”nun geri dönüşü Azərbaycan rok musiqisi üçün əlamətdar hadisə kimi qiymətləndirilir. Çingiz Eyvazov hesab edir ki, bu janr ölkədə əvvəlki illərlə müqayisədə daha çox maraq doğursa da, hələ də beynəlxalq səviyyədəki inkişaf tempinə çatmayıb. Buna baxmayaraq, qrup yenidən böyük auditoriya toplamaq və səhnədə öz sözünü demək iddiasındadır.
Xatırladaq ki, ilk heyətdə bas – gitarada İbrahim Emin, gitarada Namiq Nağdəliyev, zərb alətlərində Çingiz Eyvazov ifa edirdi. Cəsur Nemətov (1988–1991; 1993–1995), Sərxan Civələk (1992–1993) və Zaur Abdullayev (1998–2001) müxtəlif vaxtlarda qrupun vokalisti olmuşdur.
FOTO: Sadıq Əliverdibəyli