SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Şərif Ağayar: “Ədəbiyyat daha çox düzgün yaşamağı təbliğ etməlidir” - MÜSAHİBƏ

Şərif Ağayar: “Ədəbiyyat daha çox düzgün yaşamağı təbliğ etməlidir” - MÜSAHİBƏ

Yazıçı Şərif Ağayar Yurd.Media-ya müsahibəsində “Yazıçı postu” layihəsi, Azərbaycanda ədəbiyyatın vəziyyəti, təhsil sistemində ədəbiyyatın tədrisi, kitaba marağın azalması, Azərbaycan yazıçısına olan inam, dilə yeni sözlərin təsiri, ləhcələr və süni intellektin ədəbiyyata təsiri barədə danışıb.

– Aparıcısı olduğunuz “Yazıçı postu” verilişi qısa zamanda tanına bilib. Bu layihə necə yarandı?

– Azərbaycanda ictimai-siyasi hadisələrə yazıçı münasibəti yox dərəcəsindədir. Məni çox verilişlərə çağırırdılar. Qərara gəldim ki, belə bir layihəyə başlayım. Baş verən hadisələrə yazıçı gözü ilə baxım. Verilişlərə tez-tez dəvət alıramsa, deməli, auditoriyam var. Yəni izləyən varsa, elə özüm də dəyərləndirim.

Düzdür, bir müddətdir jurnalistikadan uzaq düşmüşdüm. Bu layihəni təklif etdim və kifayət qədər uğurlu format alındı. Tamaşaçı çox olmasa da, keyfiyyətli kontingent bu verilişi izləyir. Haradasa 40-a yaxın veriliş yayımlanıb, qısa “reels”lər isə minlərlə baxış toplayır.

Tamaşaçılar suallar göndərirlər. Arada elə olur ki, siyasi bilgilərim kifayət etmir və ya müəyyən şərtlər imkan vermir ki, danışım. Buna baxmayaraq, çox sevinirəm ki, tamaşaçı məni başa düşür və onunla yola gedirik.

– Azərbaycan təhsilində niyə məktəblilər arasında ədəbiyyat dərsinə və ümumiyyətlə, kitab oxumağa maraq azalıb? Bu, dünya ədəbiyyatının tədrisdə azalması səbəbindən ola bilərmi?

– Azərbaycan təhsil sistemi elə qurulub ki, Azərbaycan şagirdi kitabı arzuları ilə onun arasında maneə kimi qəbul edir, vasitə kimi baxmır. O, Nizamini, Füzulini qiymət naminə oxuyur.

Biz gənclərə ədəbiyyata nə vasitə, nə də maneə kimi yox, bir məqsəd kimi yanaşmalı olduqlarını öyrətməliyik. Dərsliklərin vəziyyət məni heç vaxt qane etməyib. Hətta Sovet İttifaqı zamanı bir az daha yaxşı idi, amma çox siyasiləşmişdi.

Bu gün şəhidlik mövzusu dərsliklərin əsas mövzusuna çevrilib. Biz onları tanımalıyıq, lakin şagirdlər arasında şəhidliyi həddən ziyadə təbliğ etməyi də anlamıram. Şəhidlər bizim azad olunmuş torpaqlarda rahat yaşamağımız üçün can verdilər. Onlar bu gənclərin sakit yaşaması üçün etdilər. Ədəbiyyat daha çox düzgün yaşamağı təbliğ etməlidir. Şəhidlər onun üçün can veriblər ki, yerdə qalanlar yaşasın, ölməsin, inkişaf etsin.

Mən özüm Füzuliyə heç vaxt anlaya bilmədiyim bir şəxs kimi baxmışam. Hətta indi də müəllimlər Nizaminin, Füzulinin fəlsəfəsini tam anlamırlar. Bu, akademik biliklə əlaqəli deyil, onların tərcüməsi ilə bağlı bir məsələdir.

Tədris proqramı dəyişməlidir. Ən azı, olmazsa-olmazları məktəblilərə tanıtmaq lazımdır. Çexov, Tolstoy, Mark Tven, Hüqo kimi yazıçıları hər şagird bilməlidir. Bunlar fundamental biliklərin əsasını təşkil edir. Bu boşluğu Təhsil Nazirliyinin nümayəndələri nəzarətə alıb doldurmalıdır.

– Bəs insanlar arasında ədəbiyyata maraq niyə azalıb?

– Ədəbiyyata marağın azalmasının səbəbləri sosial-siyasi səbəblərdir. Digər səbəblərdən biri və önəmlisi Azərbaycan yazıçısının özünə inamın itirilməsidir. Oxucu Azərbaycan yazıçısına inanmır, çünki çox zaman onun öz mənafeyinə görə həqiqətdən üz çevirdiyinin şahidi olub. Nəticədə oxucu xəyal qırıqlığına uğrayıb.

Bu vacib məsələdir. Elə “Yazıçı postu” layihəsi də bu boşluqdan yarandı. Azərbaycanda yazıçı mövqeyi görünmür. Görünəndə isə əsasən tərif edirlər və öz mənafeyini güdürlər. Əlbəttə, bu, hər kəs haqqında deyil.

Yazıçı sözündə boşluq var. Azərbaycanda ədəbiyyat mövqeyində duranda deyirlər ki, nala-mıxa vurursan. Çünki bunların düşüncəsində sən ya iqtidarı müdafiə edəcəksən, ya da müxalifəti. İzah etmək olmur ki, bu, siyasi mövqedir. Biri də var Nizami mövqeyi ki, qızıl ortanı saxlayır.

Yazıçı odur ki, hakimiyyətin ədalətli və ədalətsiz tərəflərini görsün. Bunu manipulyasiya etmək kimi yox, özünü ifadə etmək məqsədi ilə etməlidir. Yazıçının mövqeyi əslində siyasətçinin baxış bucağından daha mütərəqqidir, daha uca dayanır.

Vaxtilə Stalin buna görə yazıçılardan istifadə edirdi. O, onların gücünü bilirdi. Buna görə də o vaxt yazıçıları ideoloji tərəfdən istiqamətləndirməyə çalışırdılar. Az istisna olmaqla, Azərbaycan yazıçısı müstəqillik və azadlıq imtahanından çıxa bilib.

Buna görə oxucunu Azərbaycan yazıçısına inanmayan görəndə onu təqdir edirəm. Axı o, təkcə müasir Azərbaycan ədəbiyyatını oxumur, dünya ədəbiyyatından da Çexovu oxumaq istəmir. Oxumayan insanın bu mövzuda danışmağı düzgün deyil. Digər ədəbiyyatı oxuyub bizim yazıçıya inanmayanı haradasa başa düşürəm. O insanlara tövsiyə edirəm ki, bizim yazıçıların əsərlərini oxuyub sınasınlar. Yaxşıları doğrudan da var.

– “Qanun” nəşriyyat evinin səsli kitab layihəsi var. Səsli kitablara necə yanaşırsınız?

– Kifayət qədər yüksək səviyyədə deyil, amma yerində də saymır, müəyyən işlər gedir. Hətta özümdən deyim, bir neçə hekayəm oxunub, heç bir qonorar da istəməmişəm. Əsas odur ki, dinlənsin. Audio versiyada minlərlə oxucum da olub.

Belə layihələrin inkişafı vacibdir. Əsas vasitə telefondur deyə hər yerdə kitabı dinləmək də olar.

– Azərbaycan dilinə yeni sözlərin təsiri necədir?

– Hazırda “Azərbaycan 2040” mədəniyyətin inkişafı layihəsi var. Burada Azərbaycan dili və ədəbiyyatı ölkənin mədəniyyət modelinin əsas təməl sütunları kimi müəyyən olunub. Bu, çox ciddi məsələdir. Cənab Prezident də öz çıxışında Azərbaycan dili haqqında danışmışdı.

İndi müasir inkişaf dövründə dilimiz yeni sözlərin və əsasən türk dilinin təsiri altındadır. Rus dili bu qədər təsir etmir, türk dilinin təsiri daha böyükdür. Yaxın dil olduğu üçün sintaktik qaydalara təsir edir.

Dil sərhəd deyil ki, biz onu qoruyaq. Biz onu inkişaf etdirməliyik ki, daxili müqaviməti olsun. Dil canlı orqanizmdir, daim hərəkətdədir. Sözlərin istifadəsinin qarşısını almaq olmur.

Xarici sözlərin və təhdidlərin qarşısında durmaq üçün dili inkişaf etdirən bədii publisistika və ədəbiyyat kimi vasitələr var. Təəssüf, hər iki sahədə durğunluq müşahidə edilir. Bu, hələ heç kimi narahat etmir.

Məncə, Azərbaycanın mədəniyyətinin inkişafına, bir neçə sahə istisna olmaqla, neftdən gələn maliyyə ziyan vurdu. Əsasən də ədəbiyyat və kino sahəsinə.

– Bəzi vəzifəli və ictimai xadimlərin Azərbaycan dilində ləhcə ilə danışmasına münasibətiniz necədir? Əsasən universitet və məktəb müəllimləri, ictimai çıxış edən şəxslər barədə nə düşünürsünüz?

– Ləhcə mütaliəsizliyin nəticəsidir. Bəzən istisnalar da olur. Ləhcə ilə bir kənd sakini və ya fermer danışanda adama şirin gəlir. Bir aparıcı, müəllim və ya ekspert qatı ləhcə ilə danışanda insanı itələyir. Təhsildə və efirdə bu, yolverilməzdir.

Sənədli filmdə isə istifadəsi uyğun ola bilər. Ədəbiyyatda da ləhcədən, dialektlərdən istifadənin ölçüsü var. Biz ondan qidalanmalıyıq, amma ayağımıza dolaşmamalıdır.

– Yeni sözlərin bizə məcburi istifadəsi nə qədər dilin inkişafına təsir edir? Məsələn, “svetofor” əvəzinə “işıqfor”, “şpilka” əvəzinə “ipəzor” kimi sözlər...

– Əlbəttə, düzgün deyil. Dil canlıdır və inzibati mexanizmlə bunu etmək mümkün olmayacaq. “İpəzor” sözünü heç kim istifadə etməyəcək. Ədəbi dildə belə sözlər qulağı deşir.

Belə sözlər cəmiyyətə təklif olunmalı, onların ədəbiyyata və cəmiyyətə inteqrasiyası izlənməli, özünü doğrultduğu zaman lüğətə əlavə edilməlidir. Yazıçılar, məktəblilər, mətbuat sözü işlədirsə, deməli, özünü doğruldub. İstifadə olunmadısa, təəssüf olsun.

Yaradıcılıq təzyiqi heç sevmir. Məsələn, Sabir Əhmədli öz əsərində “kuzov” sözünü maşının “təknəsi” kimi verib. Mən bunu çox bəyəndim və bu ifadədən yararlanıram.

Sözü təklif etmək, dili isə hiss etmək lazımdır. Söz ruh daşıyır. Sözün rəngini gərək görə biləsən – Səməd Vurğun, Füzuli, Nizami kimi.

– Süni intellektin ədəbiyyata nə kimi təsiri var?

– Süni intellekt bir vasitə kimi çox faydalıdır. O, kitab yaza bilər, amma onu cansız yaradar, öz təcrübəsinə əsasən. O, bir şair kimi şeir yaza, bir redaktor kimi insanı əvəz edə bilməz.

Digər tərəfdən bir vasitə kimi altı aya insanın gördüyü işi bir saata görə bilər. Süni intellekti düzgün yönəltmək və istifadə etmək lazımdır.

FOTO: Sadıq Əliverdibəyli

Skat.az - Ev və Avtomobil elanları