SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Əliverdibəyovlar nəslinin musiqi irsini yaşadan sənətkar – Kazım Əliverdibəyov

Əliverdibəyovlar nəslinin musiqi irsini yaşadan sənətkar – Kazım Əliverdibəyov

Azərbaycanın ictimai-mədəni tarixində elə ailələr, nəsillər var ki, onların nümayəndələri müxtəlif sahələrdə qazandıqları uğurlarla tanınıb, milli mədəniyyətin və ictimai həyatın inkişafına töhfələr veriblər. Azərbaycan xalqının tanınmış soylarından biri olan Əliverdibəyovlar da belə köklü ziyalı və sənətkar nəsillərindən biridir. Bu nəslin nümayəndələri yalnız musiqi sahəsində deyil, digər istiqamətlərdə də öz fəaliyyətləri və xidmətləri ilə seçiliblər. Onların arasında Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi iz qoymuş sənətkarlar da var.

Bu nəslin musiqi sənətində özünəməxsus dəst-xətti ilə seçilən görkəmli nümayəndəsi, dirijor, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Kazım Ağalar oğlu Əliverdibəyovun anadan olmasından 92 il ötür. 1934-cü il noyabrın 27-də Bakıda dünyaya gələn sənətkar ömrünün böyük hissəsini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edib. Onun dirijor kimi fəaliyyəti milli musiqi tariximizdə özünəməxsus yer tutur.

Kazım Əliverdibəyovun musiqi sənətinə yönəlməsi heç də təsadüfi deyildi. O, hələ uşaqlıq illərindən musiqinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi ailə mühitində böyümüşdü. İxtisasca mühəndis olan atası Ağalar bəy Əliverdibəyov dövrünün tanınmış ziyalılarından olmaqla yanaşı, musiqişünas və muğam sənətinə dərindən bələd olan şəxsiyyətlərdən idi. Ailədə musiqiyə bağlılıq yalnız atası ilə məhdudlaşmırdı. Kazımın qardaşları Nazim və Rasim, bacısı Nüşabə də musiqi sənətini seçmişdilər. Beləliklə, Əliverdibəyovlar ailəsində formalaşmış musiqi ənənəsi Kazım Əliverdibəyovun gələcək sənət yolunun müəyyənləşməsində mühüm rol oynayıb.

Kazım Əliverdibəyov ilk musiqi təhsilini 1944–1954-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin skripka sinfində alıb.

1954–1959-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsində təhsilini davam etdirib. Hələ gənc yaşlarından musiqi kollektivləri ilə işləməyə başlayan sənətkar 1958-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) dirijor kimi fəaliyyətə başlayıb.

1960-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışan Kazım Əliverdibəyov burada uzun illər dirijor, daha sonra isə baş dirijor vəzifələrində fəaliyyət göstərib. Onun yaradıcılıq yolu Azərbaycan opera və balet sənətinin müxtəlif mərhələləri ilə sıx bağlı olub.

Sənətkar Azərbaycan və dünya bəstəkarlarının müxtəlif opera və balet əsərlərinin musiqi rəhbərliyini həyata keçirib. Onun dirijorluq etdiyi əsərlər sırasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Aşıq Qərib”, Müslüm Maqomayevin “Şah İsmayıl” operaları, eləcə də dünya opera klassikasının “Madam Batterflyay”, “Sevilya bərbəri” və “Karmen” kimi nümunələri yer alıb. Balet repertuarında isə “Don Kixot”, “Jizel”, “Xəzər balladası”, “Bolero”, “Paxita” və “Şopeniana” kimi əsərlər olub.

Səhnə fəaliyyəti ilə yanaşı, Kazım Əliverdibəyov pedaqoji fəaliyyətə də xüsusi önəm verib. 1963-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında dirijorluqdan dərs deməyə başlayıb. 1985-ci ildə çalışdığı fakültədə kafedra müdiri vəzifəsinə təyin olunub.

1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunan Kazım Əliverdibəyov 1978-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Pedaqoji fəaliyyətindəki uğurları da qiymətləndirilib: 1981-ci ildə dosent, 1991-ci ildə isə professor elmi adını alıb.

1996-cı ildə qardaş Türkiyə Respublikasından aldığı dəvətlə sənət fəaliyyətinin yeni mərhələsinə qədəm qoyub. On il ərzində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində simfonik orkestrə rəhbərlik edib, eyni zamanda dirijorluq sənətindən dərs deyib. 2006-cı ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyətini davam etdirib, Bakı Musiqi Akademiyasında çalışıb.

2010-cu ildə teatr fəaliyyətini başa vuran sənətkar Bakı Musiqi Akademiyasının professoru kimi pedaqoji fəaliyyətini davam etdirib. Həmin il Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Kazım Əliverdibəyov 2022-ci il dekabrın 19-da vəfat edib. Görkəmli dirijor uzun illər Azərbaycan opera və balet səhnəsinə xidmət etmiş, zəngin bilik və təcrübəsini gənc musiqiçilərə ötürmüş sənətkar kimi yadda qalıb. Onun həyat və yaradıcılıq yolu həm də Əliverdibəyovlar nəslinin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi zəngin irsin davamı və təcəssümüdür.

Skat.az - Ev və Avtomobil elanları