Akademik Milli Dram Teatrında yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Yurd.Media xəbər verir ki, teatrın direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov yeni tamaşa münasibətilə yaradıcı heyətlə görüşərək onlara uğurlar arzulayıb.
Tamaşada Xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Sabir Məmmədov və aktrisa Güney Əliyeva çıxış edirlər.
Səhnə əsərinin quruluşçu rejissoru və səhnə tərtibatçısı Əməkdar incəsənət xadimi Bəhram Osmanov, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Orxan Murtuzov, rejissor assistenti isə Fəridə Zülfüqarlıdır.
Teatral komediya kimi təqdim olunan əsər daha çox dramatik gərginliyi və psixoloji münasibətləri ilə seçilir. Dörd personajın iştirak etdiyi tamaşada aktyor, dramaturq və rejissor arasında yaranan mürəkkəb münasibətlər, teatr sənətinə bağlılıq və böyük səhnəyə məhəbbət ön plana çıxarılır.