Üzeyir Hacıbəylinin ev-muzeyinin fəaliyyətə başlamasının 51-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin təşkilatçılığı ilə tədbir keçirilib.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin ev-muzeyi 1975-ci il noyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə təntənəli şəkildə açılıb. Həmin vaxtdan etibarən muzey dahi bəstəkarın həyat və yaradıcılıq yolunu, zəngin musiqi irsini yaşadan, qoruyan və təbliğ edən mühüm mədəniyyət ocaqlarından birinə çevrilib.
Yurd.Media xəbər verir ki, tədbirdə Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti, Prezident təqaüdçüsü Sərdar Fərəcov, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezgin, kollecin müəllim və tələbə heyəti, eləcə də muzeyin əməkdaşları iştirak ediblər.
Tədbirin açılışında çıxış edən muzeyin direktoru Sərdar Fərəcov Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən, milli bəstəkarlıq məktəbinin formalaşmasındakı tarixi rolundan danışıb. O, bəstəkarın irsinin qorunmasının, öyrənilməsinin və gənc nəslə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezgin çıxışında milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin və Üzeyir bəy kimi dahi şəxsiyyətlərin yaradıcılığının gənc nəslə tanıdılmasının vacibliyini qeyd edib.
Yubiley tədbiri kollecin istedadlı tələbələrinin hazırladığı zəngin bədii proqramla davam edib. Tələbələrin ifasında Üzeyir Hacıbəylinin ölməz əsərlərindən musiqi nümunələri səslənib, maraqlı bədii qiraət təqdim olunub. Proqramın yaddaqalan məqamlarından biri tələbələrin səhnədə dahi bəstəkarın obrazını canlandırması olub.
Tədbirə xüsusi rəng qatan sürpriz qonaq isə muzeyin direktoru Sərdar Fərəcovun nəvəsi Leyla Cabbarova olub. Gənc ifaçı Üzeyir Hacıbəylinin “Şah Abbas və Xurşidbanu” operasından Xurşidbanunun ariyasını məharətlə ifa edərək tədbir iştirakçılarına unudulmaz musiqi anları yaşadıb. Bu çıxış həm də Üzeyir bəyin musiqi irsinin nəsillər arasında yaşadılmasının, sənətə sevginin ailədən və mühitdən gələn mənəvi dəyər kimi ötürülməsinin gözəl nümunəsi olub.
Musiqi və poeziyanın, səhnə sənəti və tarixi yaddaşın qovuşduğu tədbir iştirakçılarda xoş təəssürat yaradıb. Tədbir bir daha təsdiqləyib ki, Üzeyir Hacıbəylinin irsi zamanın fövqündə dayanaraq yeni nəsillərin mənəvi dünyasının formalaşmasına xidmət edir.
51 ildir ki, bu ev-muzey dahi Üzeyir bəyin xatirəsini yaşadır, onun sənət dünyasını gələcək nəsillərə çatdırır. Bu məkan yalnız bir muzey deyil, Azərbaycan musiqisinin tarixinə, milli yaddaşımıza və böyük sənətkarın ölməz irsinə açılan qapıdır.