Bakıda “The World of Adrenaline” adlı beynəlxalq sirk proqramının təqdimatına başlanılıb. Layihə çərçivəsində müxtəlif ölkələrdən olan peşəkar artistlər bir arenada bir araya gəlib.
Yurd.Media xəbər verir ki, “Circus Sea Breeze” arenasında nümayişinə başlanılan proqramda braziliyalı kaskadyorların təhlükəli çıxışları, beynəlxalq mükafatlı hava gimnastlarının nömrələri, akrobatik səhnələr və klounun iştirakı ilə hazırlanan şoular yer alıb.

Proqramın təşkilatçısı, “Sirk Oskarı” mükafatının laureatı Allahverdi İsrafilov açılış günü xeyriyyə təşəbbüsü ilə də çıxış edib. Həmin gün keçirilən tamaşalar valideyn himayəsindən məhrum olan uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də şəhid və qazi ailələrinin övladları üçün ödənişsiz təşkil olunub.
Azərbaycan sirk sənətinin beynəlxalq səhnədə tanınmış nümayəndələrindən olan Allahverdi İsrafilovun bildirib ki, gələcək planları sırasında milli sirk ənənələrinin qorunması, yerli artistlərin beynəlxalq arenada təmsilçiliyinin genişləndirilməsi və yeni istedadların yetişdirilməsi yer alır.

Bu çərçivədə Azərbaycanda sirk məktəbinin və studiyasının yaradılması, beynəlxalq sirk festivallarının ölkəmizdə təşkili, eləcə də yerli artistlərin hazırladığı milli sirk nömrələrinin dünya səhnələrində təqdim olunması hədəflənir.
İsrafilovun yanaşmasına görə, Azərbaycan sirk sənətinin davamlı inkişafı üçün yalnız ayrı-ayrı artistlərin uğurları kifayət etmir. Bunun üçün peşəkar kadr hazırlığı sistemi qurulmalı, gənclərin sirk sənətinə cəlb olunması təmin edilməli və beynəlxalq əməkdaşlıq genişləndirilməlidir.

Qarşıya qoyulan məqsədlərdən biri də Azərbaycanın beynəlxalq sirk festivallarının keçirildiyi mərkəzlərdən birinə çevrilməsi və yerli artistlərin dünya səhnəsində daha geniş təmsil olunmasıdır.
Qeyd edək ki, “The World of Adrenaline” proqramı noyabrın 29-dək “Circus Sea Breeze” arenasında davam edəcək. Tamaşalar hər həftənin şənbə və bazar günləri saat 12:30-da və 15:30-da keçirilir. Biletlərin qiyməti 15 manatdan başlayır.
Tamaşaçıların rahatlığı üçün “Koroğlu” metro stansiyasından sirk arenasına və geriyə xüsusi avtobus transferi təşkil olunub. Biletləri şəhərin kassalarından və iTicket.az saytından əldə etmək mümkündür.