Gəncə Dövlət Milli Dram Teatrında türk dramaturqu Toyqun
Orbayın "İnsanlıq Şərəfinə" müharibə haqqında bir hissəli dram tamaşası səhnələşdirilib.
Yurd.Media-nın bölgə müxbiri xəbər verir ki, quruluşçu rejissoru Elşad Əhmədov, səhnə tərtibatı və geyim üzrə rəssamı Mirzə Mehdi, musiqi tərtibatçısı Svetlana Zelmixanqızı, İşıq tərtibatı Samir Həsənov, rejissor assistenti Dursun Cəlilova və Tərcüməsi Elvin Nuriyə aid olan tamaşada Əməkdar artistlər Salam İsmayıl , Sevda Orucova, aktyorlar Fərid Vəliyev, Şəlalə Rüstəmova, Murad Ruzigar, Elmir Məmmədov, Ramal Mansırlı, Ceyhun Qurbanov iştirak ediblər.
Gəncə Dövlət Milli Dram Teatrının quruluşçu rejissoru Elşad Əhmədov Yurd.Media-ya bildirib ki, "İnsanlıq şərəfinə” dram tamaşası müharibənin insan həyatında yaratdığı dərin mənəvi sarsıntıları, itki və ayrılıqları, insanın seçim qarşısında qalmasını və ən ağır şəraitdə belə öz mənəvi dəyərlərini qorumaq mübarizəsini əks etdirən psixoloji dramdır.

Əsərin mərkəzində müharibənin yalnız cəbhədə deyil, insanın daxilində də davam edən faciəsi dayanır. Burada silah səslərindən daha çox insanın vicdanı, qorxusu, sevgisi, ümidi və yaşamaq instinkti danışır. Müharibə insanları yalnız fiziki olaraq deyil, mənəvi baxımdan da sınağa çəkir: insan hansı məqamda insanlığını itirə bilər və onu yenidən qorumaq üçün nəyə ehtiyac var? Pyesdə zaman və məkan konkret sərhədlərdən müəyyən mənada uzaqlaşaraq müharibənin universal obrazına çevrilir. Personajların qarşılaşmaları, xatirələri və daxili monoloqları vasitəsilə həyat və ölüm, insan və zorakılıq, yaddaş və unutmaq, ümid və ümidsizlik kimi qarşıdurmalar üzə çıxır.
“İnsanlıq şərəfinə” müharibəni qəhrəmanlıq romantikası kimi deyil, insan taleyinin faciəli sınağı kimi təqdim edir. Tamaşa tamaşaçını bir sual qarşısında qoyur: müharibə insanın əlindən hər şeyi ala bilərmi, yoxsa ən ağır məqamda belə insanlığı qorumaq mümkündür? Bu əsər, əslində, müharibəyə qarşı deyilən bir insanlıq duasıdır", - deyə müsahib bildirib.
Qeyd edək ki, bu, Türkiyə dramaturqu və yazarı Toyqun Orbayın Azərbaycan teatrında səhnələşdirilən ikinci tamaşasıdır. Belə ki, yazarın bundan öncə "21:15 qatarı" pyesi əsasında tamaşa səhnələşdirilib.