Üzeyir Hacıbəylinin ev – muzeyində Milli Musiqi Günü və dahi bəstəkarın anadan olmasının 141 illiyinə həsr olunmuş konsert – tədbir keçirilib.
Yurd.Media xəbər verir ki, tədbirdə musiqisevərlər, ictimaiyyət nümayəndələri iştirak edib.
Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcov ölməz sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
Daha sonra Abdulla Şaiqin ev-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxış edərək dahi bəstəkarın əsərlərinin Azərbaycan musiqi sənətindəki yerindən danışıblar.
Tədbirin bədii hissəsi G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagird-müəllimlərinin və Şəhriyar adına Mədəniyyət Mərkəzinin “Bənövşə” uşaq xorunun ifasında konsert proqramı ilə davam edib. Proqramda gənc musiqiçilərin ifasında Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, vokal, instrumental və ansambl nümunələri də təqdim edilib.