SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda ən geniş beynəlxalq kitab sərgisi başladı - FOTOREPORTAJ

Bakıda ən geniş beynəlxalq kitab sərgisi başladı - FOTOREPORTAJ

Bakıda 23 ölkədən 68 xarici təşkilatın iştirakı ilə kitab sərgisi təşkil olunur.

Yurd.Media xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1–7 oktyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.

Sərginin əsas məqsədi kitaba marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat sahəsindəki yeniliklərlə tanış etmək və ölkəmizdə kitab sənayesinin inkişafına dəstək olmaqdır.

Bu il sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub. İndiyədək ən geniş beynəlxalq iştirakla yadda qalacaq tədbirdə 23 ölkədən 68 xarici təşkilat və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti müəssisəsi təmsil olunacaq. İlk dəfə olaraq İspaniya, Küveyt və İndoneziya sərgidə iştirak edəcək.

Sərginin fəxri qonağı Qətərdir. Qətər nümayəndə heyəti dövlət rəsmiləri, elm və ədəbiyyat xadimləri, incəsənət ustalarından ibarət olacaq. Beynəlxalq salonda bu ölkənin zəngin mədəni irsini və müasir ədəbiyyatını əks etdirən ekspozisiya təqdim ediləcək.

7 gün ərzində təqdimatlar, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət saatları və musiqili tədbirlər daxil olmaqla 220-dən çox tədbir keçiriləcək. İlk dəfə olaraq “Əməkdaşlıq Zonası”, “İllüstratorlar Divarı” və “İmza Zonası” fəaliyyət göstərəcək. Uşaqlar üçün xüsusi “Uşaq aləmi” zonasında nağıl saatları, tamaşalar və interaktiv proqramlar təşkil olunacaq.

Sərgidə xalq yazıçıları və şairlərlə yanaşı, gənc müəlliflər və məşhur xarici yazıçılar da oxucularla görüşəcəklər.

Ziyarətçilər üçün “Koroğlu”, “28 May” və “Elmlər Akademiyası” metro stansiyalarından hər yarım saatdan bir sərgiyə ödənişsiz avtobuslar hərəkət edəcək.

Qeyd edək ki sərgidə Bəhram Bağırzadə də öz kitablarını nümayiş etdirir. O Mədəniyyət Nazirliyinə təşəkkür bildirib və vurğulayıb ki artıq üçüncü dəfədir ki, sərgidə iştirak edir.

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing