SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
1 yaşlı “İnstinkt” teatrının təsisçisi: Bəziləri eksperimental tamaşaları “hoqqabazlıq” kimi qiymətləndirir

1 yaşlı “İnstinkt” teatrının təsisçisi: Bəziləri eksperimental tamaşaları “hoqqabazlıq” kimi qiymətləndirir

Bakı

Azərbaycan teatr mühitində yeni və cəsarətli axtarışlar diqqət çəkməyə başlayıb. Gənc rejissorların ənənəvi səhnə dilindən kənara çıxaraq fərqli bədii formalar axtarması çağdaş teatrın inkişafında mühüm rol oynayır. Məhz bu cür eksperimental təşəbbüslərdən biri də gənc rejissor Rəvan Hüseynzadənin 1 il əvvəl təsis etdiyi “İnstinkt” Teatrıdır. Gənc rejissor Yurd.Media-ya müsahibəsində teatrın yaranma ideyası, il ərzində keçdiyi yol və gələcək planları ilə bağlı danışdı.

- Teatrın yaranma ideyası necə formalaşdı? Bu teatrı fərqləndirən əsas xüsusiyyətlər nələrdir?

- "İnstinkt" teatrının ideyası təxminən bir il əvvəl yarandı və məşqlərə başladıq. İlk manifest tamaşa kimi mənim mono tamaşam təqdim olundu və bu, teatrın əsası sayılır. Aprelin 17-də ilk premyeramız baş tutdu. Daha sonra müxtəlif məkanlar axtardıq, dövlət və özəl teatrlarda çıxış etdik, həmçinin Türkiyəyə qastrol səfərimiz oldu (tamaşa onlayn nümayiş olundu).

Hazırda təxminən üç aydır ki, M Teatrda fəaliyyət göstəririk. Bu şəraiti bizə xalq artisti Vidadi Həsənov yaradıb.

Bizi fərqləndirən əsas cəhət isə eksperimental yanaşmadır. Dövlət teatrlarından fərqli olaraq, biz daha sərbəst, öz estetikası və yolu olan tamaşalar hazırlayırıq. Məqsədimiz seçilmək və öz üslubumuzu formalaşdırmaqdır.


- Gənc rejissor və tələbə olaraq müstəqil teatr qurarkən hansı çətinliklərlə qarşılaşmısınız?

- Çətinliklər çox olub. Məsələn, dövlət teatrlarının səhnələrini icarəyə götürmək üçün müraciət etdikdə yüksək qiymətlərlə qarşılaşmışıq. Bəzi hallarda rekvizit almağa belə imkanımız olmayıb. Bəzən 100 manatlıq işi 10 manata görməyə çalışmışıq. Bu da müəyyən qədər keyfiyyətə təsir edib. Buna baxmayaraq, çalışmışıq ki, tamaşalar keyfiyyətli alınsın.


- Sizcə, müasir Azərbaycan tamaşaçısı eksperimental teatra nə dərəcədə hazırdır?

- Hələ tam hazır deyil. Cəmiyyətdə köhnə düşüncə qalmaqdadır və eksperimental tamaşalar bəzən yanlış anlaşılır. Bəziləri bunu “hoqqabazlıq” kimi qiymətləndirir.

Amma dünyada fərqli teatr modelləri mövcuddur. Məsələn, Gürcüstanda bir gəncin yaratdığı teatr var və o, hər həftə damda tamaşa göstərir. Onun öz tamaşaçısı var və əsas məqsədi gördüyü işdən zövq almaqdır. Mən də bu prinsiplə işləyirəm.


- Teatrın yaradıcı heyəti necə formalaşır? Gənc aktyorlara üstünlük verilməsi prinsipialdır?

- Bu, həm prinsip, həm də şəraitlə bağlıdır (təxminən 50/50). Bizdə sabit truppa yoxdur. Hər tamaşada fərqli aktyorlarla işləməyə çalışırıq ki, eyni simalar tamaşaçını yormasın.

Gənclərlə işləmək maraqlıdır və onlardan çox şey öyrənmək olur. Eyni zamanda, peşəkar aktyorlarla da işləmək istəyirəm. Gələcəkdə müxtəlif yaş qruplarından olan aktyorları bir araya gətirmək planımız var.


- Teatrın repertuar xətti nəyə əsaslanır? Tamaşaçı marağı nə dərəcədə rol oynayır?

- Əsasən müasir dramaturgiyaya üstünlük veririk. İlk tamaşamız gənc dramaturq Şəbnəm Xeyrullanın əsəri əsasında hazırlanıb.

Hazırda isə Elxan Zeynallının “Mələk” romanı əsasında səhnələşdirmə üzərində işləyirik.

Tamaşaçı faktoru çox önəmlidir. Tamaşaçı passiv yox, aktiv olmalıdır. Tamaşa zamanı onun prosesə cəlb olunması bizim əsas məqsədlərimizdəndir.

- Yaxın gələcək planlarınız nələrdir? Teatrı 3–5 ildən sonra harada görürsünüz?

- Hazırda planımızda iki yeni tamaşa var. Gələcəkdə teatrın daha böyük səhnələrə çıxmasını istəyirəm. Hal-hazırda 60 nəfərlik zalda çıxış edirik, amma məqsədimiz 600, hətta 1600 nəfərlik auditoriyaya çıxmaqdır.

- Bu günlərdə 1 yaşını qeyd edən Yurd.Media kollektivi adından elə bizimlə eyni ayda yaranmış “İnstinkt” teatrına uğurlar, hədəflədiyiniz auditoriyaya çatmağınızı arzu edirik!

- Yeni yaranan media qurumlarının fəaliyyətini yüksək qiymətləndirirəm və sizə uğurlar arzulayıram. Yeni teatrların, yeni ideyaların yaranması çox sevindiricidir. Ümid edirəm ki, bu istiqamətdə inkişaf davam edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları