SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“PAŞA Bank” səhmlərini 1 ay gec yerləşdirməli oldu

“PAŞA Bank” səhmlərini 1 ay gec yerləşdirməli oldu

  • 12 may 2026, 15:41

“PAŞA Bank” ASC-nin yeni səhmlərini almaq istəyənlərə daha 1 ay vaxt verilib.

Bankdan Yurd.Media-ya bildirilib ki, səhmlərin İlkin Kütləvi Təklifi (Initial Public Offering - IPO) çərçivəsində abunə yazılışının müddəti iyunun 12-nə qədər uzadılıb.

Qeyd edək ki, abunə yazılışına aprelin 13-də start verilib və 12 000-ə yaxın müraciət qəbul edilib.

"Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək yeni səhmlərin ilkin qiyməti nominal dəyərindən (20 manat) 2,75 dəfə çox - 55 manat müəyyən edilib. 932 926 ədəd adi, adlı səhmi həm fiziki, həm də hüquqi şəxslər ala bilərlər.

Səhmlərin alınması "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, ABB və yaxud digər tərəfdaşların platformaları, mobil tətbiqləri, o cümlədən "PAŞA Bank"ın mobil tətbiqi vasitəsilə mümkün olacaq.

Eyni zamanda hər kəs "PAŞA Bank" və "Kapital Bank" ASC-nin filial şəbəkəsi vasitəsilə də səhmləri əldə edə biləcək.

Minimum alış 1 səhm olmalıdır. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanacaq. Yerləşdirmə tam baş tutsa, "PAŞA Bank"ın nizamnamə kapitalı 18,7 milyon manat artaraq 354,5 milyon manatdan 373,2 milyon manata çatacaq. Yeni investorlar Bankın səhmlərinin 5%-nə sahib olacaqlar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları