Azərbaycanda vətəndaşlar banka müraciət edərək öz adlarına onlayn kredit rəsmiləşdirilməsinə tam qadağa qoyulmasını tələb edə biləcəklər.
Yurd.Media "Operativ Media"ya istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənmiş yeni qaydalar sabahdan (1 oktyabr) qüvvəyə minəcək.
Vətəndaşlara onlayn kredit qadağası qoymaq imkanı verilir
Yeni tələblərə əsasən, banklar müştərinin yazılı müraciəti əsasında onun adına distant (onlayn) yolla istehlak kreditinin rəsmiləşdirilməsinə və ya mövcud limitin artırılmasına tam məhdudiyyət qoymalıdır. Bu qadağa bütün satış platformalarında tətbiq edilməlidir. Müştəri tətbiq etdiyi bu bloku yalnız banka şəxsən yaxınlaşmaqla, gücləndirilmiş e-imza və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə yazılı ərizə təqdim edərək ləğv edə bilər.
Yoxlama və xəbərdarlıq sistemləri
Kredit verən təşkilat daxili sistemləri vasitəsilə borcalanın belə bir qadağasının olmadığını müəyyən etdikdən sonra, bu məlumatı mütləq Kredit Bürosunun bazası üzərindən də dəqiqləşdirməlidir. Onlayn kredit stopu olan şəxslərə distant formada yeni kreditin verilməsi və ya limitin qaldırılması qətiyyən mümkün olmayacaq. Əgər belə bir məhdudiyyət qoymuş şəxs adından məsafədən kredit müraciəti olunarsa, bank bu barədə müştəriyə dərhal mobil tətbiq və ya SMS vasitəsilə bildiriş göndərəcək.
Vəsaitlərin ödənilməsinə vaxt məhdudiyyəti (gözləmə müddəti)
Onlayn rəsmiləşdirilən kreditlər üzrə pulun müştəriyə ötürülməsi (əvvəlcədən xəbərdar edilmək şərtilə) müəyyən olunmuş vaxt çərçivəsində həyata keçiriləcək:
- Minimum əməkhaqqının 2 mislinədək olan məbləğlər – müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra;
- Minimum əməkhaqqının 2 mislindən yuxarı olan məbləğlər – müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 24 saat sonra.
Əlavə tələblər
İstehlak krediti müqavilələrinə kreditin və ya limit artımının həyata keçirildiyi halda borclunun həmin öhdəlikdən azad edilməsini nəzərdə tutan bənd əlavə olunmalıdır. Eyni zamanda, məsafədən rəsmiləşdirmə zamanı borcalanın belə bir məhdudiyyətinin olub-olmaması haqqında məlumatlar kredit dosyesinin ümumi sənədlər paketində öz əksini tapacaq.
Bütün bu yeni qaydalar və məhdudiyyətlər banklarla yanaşı, Bank Olmayan Kredit Təşkilatlarına (BOKT) da eyni qaydada şamil edilir.Y