Azərbaycanda əmanətlərə yüksək faizi (illik 11-12%) adətən kiçik banklar (bağlanmağa potensial namizəd olanlar) ödəyirlər, çünki onların fiziki şəxslərin depozitlərinə böyük ehtiyacı var.
Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Böyük banklar dövlətin sosial layihələri (əmək haqqı, pensiya, təqaüd, müavinət və s.) və hüquqi şəxslərin hesabları sayəsində yüksək likvidliyə malik olduqları üçün əksər hallarda əmanət faizlərini aşağı müəyyən edirlər. Hazırda ölkədə kiçik bankların böyük banklara birləşdirilməsi prosesi gedir. Bu proses başa çatdıqdan sonra ölkədə əmanətlərə yüksək gəlirlilik vəd edən bank olmayacaq. Son nəticədə vətəndaşlarımız pulu banka deyil, alternativ investisiya alətlərinə (qiymətli kağız, daşınmaz əmlak və s.) qoymağa çalışacaqlar. Əmanətlərin ucuzlaşması kredit faizlərini də azaldacaqmı, bunu zaman göstərər”, - deyə o qeyd edib.