Maliyyə sektorunda texnoloji yeniliklərin sürətlənməsi banklara nəzarət sistemində yeni mərhələnin başlanmasına səbəb olub.
Yurd.Media-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Əliyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib ki, ani ödənişlərin və rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi ənənəvi nəzarət mexanizmlərinin effektivliyini azaldır. Bu səbəbdən Mərkəzi Bank risk əsaslı nəzarət sisteminin və rəqəmsal nəzarət texnologiyalarının (SupTech) tətbiqinə başlayıb.
Yeni sistem bankların risk profilini daha dəqiq müəyyənləşdirməyə və risk səviyyəsinə uyğun nəzarət tədbirləri həyata keçirməyə imkan verəcək.
Ə.Məmmədyarov bank sektorunda süni intellektin tətbiqi ilə bağlı risklərə də diqqət çəkib. O bildirib ki, süni intellekt modellərinin yanlış tətbiqi bankların maliyyə itkiləri ilə üzləşməsinə, səhv idarəetmə qərarlarının qəbuluna və reputasiya risklərinin yaranmasına səbəb ola bilər.
Bu baxımdan model riskləri kredit və əməliyyat riskləri ilə yanaşı, Mərkəzi Bankın əsas nəzarət prioritetləri sırasına daxil ediləcək.
AMB rəsmisi, həmçinin 2027–2030-cu illər üzrə maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsinə dair dövlət proqramının hazırlandığını açıqlayıb.
Proqramın əsas məqsədi Azərbaycanı regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərini inkişaf etdirmək və nağdsız ödənişlərin əhatə dairəsini genişləndirməkdir.