Azərbaycanda 15 elektron pul təşkilatı, 6 ödəniş təşkilatı və 7 valyuta mübadiləsi xidməti göstərən şirkət olsa da onların aktivləri, öhdəlikləri, kapitalı, mənfəət-zərər göstəriciləri hələ də açıqlanmır.
Bunu Yurd.Media-ya açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Ödəniş və valyuta bazarı iştirakçıları özləri maliyyə (audit) hesabatlarını açıqlamırlar. Odur ki, bu bazarlarda vəziyyətin necə olması barədə məlumatımız yoxdur. Yaxşı olardı ki, Azərbaycan Mərkəzi Bankı ildə heç olmasa 2 dəfə onların ümumi maliyyə göstəricilərini açıqlasın. Hazırda tənzimləyici qurum yalnız bankların maliyyə göstəricilərini aylıq əsasda, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının maliyyə göstəricilərini rüblük əsasda, sığorta və investisiya şirkətlərinin maliyyə göstəricilərini isə yarım illik əsasda açıqlayır. Məncə, bu addımı ödəniş və valyuta bazarı ilə bağlı da atmağın vaxtı çatıb”, - deyə o qeyd edib.