Azərbaycan Mərkəzi Bankı “Ansar NDA Group” Məhdud Məsuliyyətli Cəmiyyətini cərimələyib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, qida təchizatçısı olan şirkət tərəfindən 75 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə avans olaraq ölkə xaricinə köçürülüb.
"Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində bu məbləğdən 24,4 min ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Mərkəzi Bank tərəfindən “Ansar NDA Group” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə şirkət 4489 manat cərimə olunub.
Şirkət nümayəndəsi apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Şamo Zülfüqar oğludur. 2020-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xəzər, ev 11/7-dir.