Bu ildən etibarən Maliyyə Nazirliyi vahid xəzinə hesabında milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi üzrə depozit hərraclarının keçirilməsinə başlayıb. Eyni zamanda dövlət qurumu bu il ilk dəfə dövlət istiqrazlarının buraxılışını bərpa edib. Nominal dəyəri 100 manat olan 20 milyon manat həcmində dövlət istiqrazı 8% gəlirliliklə 1080 gün müddətinə tədavülə buraxılıb.
Eyni dövrdə həm depozitə vəsait yerləşdirilməsi, həm borclanma hansı zərurətdən irəli gəlir?
Məsələ ilə bağlı Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Yurd.Media-ya bildirilib ki, depozit və istiqraz hərracları fərqli məqsədlərlə həyata keçirilir:
"Bildiyiniz kimi, cari ildən etibarən Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunmasını təmin etmək məqsədilə vahid xəzinə hesabında milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi istiqamətində depozit hərraclarının keçirilməsinə başlanılıb. Sözügedən hərraclar çərçivəsində dövlət büdcəsinin il ərzində icrası nəticəsində büdcədə yaranan müvəqqəti artıq vəsaitlərin effektiv idarə olunması və nəticə etibarilə dövlət büdcəsində əlavə gəlirlərin formalaşdırılması məqsədilə qısamüddətli – əsasən 3 ayadək dövr üçün yerli banklarda depozitə yerləşdirilir".
O bildirib ki, dövlət istiqrazlarının emissiyası isə tamamilə başqa məqsədlərə xidmət edir:
"Beləki, dövlət istiqrazları əsasən uzunmüddətli dövr üzrə emissiya olunur və müvafiq il üzrə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və vaxtı çatan əsas borc ödənişlərinin təkrar maliyyələşdirilməsi məqsədilə həyata keçirilir. Eyni zamanda bu, həm daxili maliyyə bazarının inkişafını təşviq edir, həm də investisiya alətlərinin əlçatanlığının təmin edilməsi məqsədlərinə xidmət edir".
Mais Piriyev sonda qeyd edib ki, başqa sözlə, depozitlər müvəqqəti likvidlik idarəetmə vasitəsidirsə, istiqrazlar dövlətin uzunmüddətli maliyyə strategiyasının və borc idarəçiliyinin mühüm alətidir.