Azərbaycanda 14 bank "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminə (RDMİS) qoşulub.
Yurd.Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Sahil Babayev "Rəqəmsal idarəetmə və elektron informasiya sistemləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə İşçi Qrupu"nun iclasında bildirib.
Nazir qeyd edib ki, sistemdə 7 830 təşkilat qeydiyyatdan keçib, istifadəçilərin sayı 14 819-a çatıb: "Sistem 19 qurumla inteqrasiya olunub, 52 informasiya sistemi üzrə məlumat əldə edilməsi təmin edilir. O cümlədən, "e-müqavilə" altsistemi üzrə indiyə qədər 1 525 satınalan təşkilat və 3 324 təchizatçı şirkət qeydiyyatdan keçib, 10 662 elektron müqavilə imzalanıb. Bağlanmış müqavilələrin ümumi məbləği 3,9 milyard manatı ötüb. Sistemin funksional imkanları genişləndirilib, Dövlət Gömrük Komitəsi və Azərbaycan Mərkəzi Bankı ilə inteqrasiyalar həyata keçirilib”.