SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Kriptovalyuta almaqla pul qazananlar vergi işçilərinin diqqətini cəlb edib

Kriptovalyuta almaqla pul qazananlar vergi işçilərinin diqqətini cəlb edib

  • 19 avqust 2025, 11:57

Azərbaycanın vergi qanunvericiliyində kriptovalyuta əməliyyatlarından əldə edilən gəlirlərin vergiyə cəlb olunması mexanizmi artıq tam formalaşıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Yurd.Media-ya bildirilib ki, kriptovalyuta alqı-satqısından gəlir əldə edən fiziki şəxslər mütləq qaydada vergi orqanlarında uçota alınmalı və VÖEN əldə etməlidirlər. Bu, onların qanuni vergi öhdəliklərini yerinə yetirmələri üçün zəruri şərtdir.

Dövlət Vergi Xidməti xatırladır ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, əməkhaqqından başqa, aktivlərin ilkin qiymətinin artmasından əldə edilən hər hansı gəlir, təqdim olunduğu təqdirdə, qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi qiymətləndirilir. Bu kateqoriyaya kriptovalyuta əməliyyatlarından əldə edilən gəlirlər də daxildir.

Qanunvericiliyə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Kriptovalyuta investorları üçün əsas məqam odur ki, vergiyə cəlb olunan gəlir kriptovalyutanın alındığı vaxtla satıldığı tarix arasındakı qiymət fərqindən hesablanır.

Məsələn, əgər bir şəxs 10 min manata Bitcoin alıb, sonradan onu 15 min manata satıbsa, vergiyə cəlb olunan məbləğ 5.000 manat təşkil edəcək və bundan 14% (700 manat) vergi ödənilməlidir.

Vergi Xidməti vurğulayır ki, kriptovalyuta əməliyyatlarından gəlir əldə edən şəxslər növbəti ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməlidirlər.

Prime Leasing