Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 14-ü mənfəət vergisi ödəyib.
Yurd.Media xəbər verir ki, bunlardan 5-də sözügedən məbləğ 10 milyon manatdan çoxdur. Həmin banklar, “Kapital Bank” (61,2 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 53,7 milyon manat), “PAŞA Bank” (39,5 milyon manat), “Xalq Bank” (13,8 milyon manat) və “Bank Respublika”dır (11,5 milyon manat).
Qalan 9 bankın isə mənfəət vergisi ödəmələri 1-10 milyon manat arasında olub.
Mənfəət vergisi ödəmiş 14 bankdan 9-da bu göstərici artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (2,4 dəfə), ən aşağı dinamika isə “PAŞA Bank”da (2,5%) qeydə alınıb.
4 bankın isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Azər-Türk Bank”da (49,8%), ən az azalma isə ABB-də (1%) qeydə alınıb.
“Yelo Bank” bu ilin 9 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə vergi ödəmədiyi üçün onun bu maliyyə göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.