Bu ilin I yarısında Azərbaycana xaricdən 534 milyon ABŞ dolları pul köçürülüb.
Azərbaycan Mərkəzi Bankından Yurd.Media-ya bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır.
6 aylıq pul köçürmələrinin 39,9%-i və yaxud 213,1 milyon dolları Rusiyanın payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 10,7 faiz bəndi və 25,8% azdır.
Son 1 ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin məbləği 6,7% artaraq 87,8 milyon dollara, bu ölkənin ümumi köçürmələrdə payı isə 14,5%-dən 16,4%-ə çatıb.
İl ərzində ABŞ-dan Azərbaycana pul köçürmələrinin məbləği isə 70,6% artaraq 52,1 milyon dollara, bu ölkənin ümumi köçürmələrdə payı isə 5,4%-dən 9,8%-ə yüksəlib.
Yanvar-iyun aylarında digər ölkələrdən isə Azərbaycana 181 milyon dollar köçürülüb. Bu, illik müqayisədə 7,8% çoxdur. Hesabat dövründə digər ölkələrin ümumi köçürmələrdə payı isə 70,5%-dən 66,1%-ə düşüb.
Bu ilin I yarısında Azərbaycandan isə xaricə 238,2 milyon ABŞ dolları pul köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,25% azdır.
6 aylıq pul köçürmələrinin 28,6%-i və yaxud 68 milyon dolları Türkiyənin payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 0,9 faiz bəndi və 11,25% azdır.
Son 1 ildə Azərbaycandan ABŞ-a pul köçürmələrinin məbləği 41,6% artaraq 40 milyon dollara, bu ölkənin ümumi köçürmələrdə payı isə 10,9%-dən 16,8%-ə çatıb.
İl ərzində Azərbaycandan Rusiyaya pul köçürmələrinin məbləği isə 24,8% azalaraq 22,1 milyon dollara, bu ölkənin ümumi köçürmələrdə payı isə 11,3%-dən 9,3%-ə düşüb.
Yanvar-iyun aylarında Azərbaycandan digər ölkələrə isə 108,1 milyon dollar köçürülüb. Bu, illik müqayisədə 13,8% azdır. Hesabat dövründə digər ölkələrin ümumi köçürmələrdə payı isə 48,3%-dən 45,3%-ə düşüb.