Azərbaycanda pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlər özəl hüquqi şəxslərdir və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmirlər.
Yurd.Media xəbər verir ki, bunu nazirlik pambıq istehsalçılarından məhsul alan şirkətlərin onun dəyərini ödəməməsi və yaxud ödənişi gecikdirməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirərkən bəyan edib.
“Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Nazirlik və onun tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərlə özəl şirkətlər arasında bağlanmış müqavilələr üzrə tərəf hesab olunmur və tərəflər arasındakı müqavilə münasibətlərinə birbaşa müdaxilə etmək səlahiyyətinə malik deyillər”, - deyə açıqlamada qeyd olunub.
Bundan başqa, nazirlik bildirib ki, dövlət pambıqçılığın inkişafının stimullaşdırılması məqsədilə fermerlərə istehsal edib tədarük məntəqələrinə təhvil verdikləri pambıq məhsuluna görə əlavə məhsul subsidiyası ödəyir. Bu subsidiya əvəzsiz və geri qaytarılmayan dövlət dəstəyi tədbiridir.