İsmayıllı rayonuna təşkil olunan media tur çərçivəsində jurnalistlər Lahıc qəsəbəsində yerli sakinlərin məşğul olduğu ənənəvi təsərrüfat sahələri ilə tanış olublar. Səfər zamanı media nümayəndələri Lahıcda fəaliyyət göstərən arıçılıq təsərrüfatlarından birinə baş çəkərək balın hazırlanma prosesini yaxından izləyiblər.
Yurd.Media xəbər verir ki, media nümayəndələri Lahıc sakini Ağadadaş Abbasovun arıçılıq təsərrüfatında olub, burada arıçılığın aparılması, balın əldə olunması və süzülməsi mərhələləri ilə bağlı məlumat alıblar.
Təsərrüfat sahibi jurnalistlərə arı ailələrinin saxlanılması, balın toplanması və süzülməsi prosesi barədə ətraflı məlumat verib. O, Lahıc ərazisinin təbii xüsusiyyətlərinin arıçılıq üçün yaratdığı imkanlardan, burada əldə olunan balın çeşidlərindən və məhsulun keyfiyyət göstəricilərindən danışıb.
Arıçı bildirib ki, balın keyfiyyətinə yalnız onun hazırlanma prosesi deyil, arıların qidalandığı bitki örtüyü və ərazinin təbii şəraiti də təsir göstərir. Təsərrüfatda müxtəlif çeşiddə bal məhsullarının hazırlandığı qeyd olunub.

Media tur iştirakçıları balın pətəkdən götürülməsindən süzülərək hazır məhsula çevrilməsinə qədər keçdiyi mərhələlərlə də tanış olublar. Jurnalistlərin məhsulların qiyməti, satış imkanları, arıçılığın yerli əhali üçün yaratdığı məşğulluq və ailə təsərrüfatlarının gəlirlərindəki rolu ilə bağlı sualları cavablandırılıb.
Ağadadaş Abbasov arıçılığın Lahıcda yalnız gəlir mənbəyi deyil, həm də yerli təsərrüfat ənənələrinin qorunub saxlanılmasına xidmət edən sahələrdən biri olduğunu vurğulayıb.
Səfər zamanı jurnalistlər təsərrüfatın gündəlik fəaliyyəti, arıçılıqda istifadə olunan üsullar, istehsal olunan məhsullar və Lahıcda arıçılığın gələcək inkişaf perspektivləri barədə məlumat əldə ediblər.
Belə təsərrüfatlarla tanışlıq Lahıcın yalnız tarixi-memarlıq irsi ilə deyil, həm də yerli sakinlərin qoruyub saxladığı ənənəvi təsərrüfat sahələri ilə diqqət çəkdiyini göstərir.