Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə vergi borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 46 min manata çatıb.
Qeyd edək ki, 2018-ci ildə yaradılan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin nizamnamə kapitalı 5 min manatdır. Şirkətin direktoru Hikmət Hüseynovdur.
Müəssisə aqrar sahədə istehsal və emal proseslərinin təşkili istiqamətində fəaliyyət göstərir. Birlik Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 müəssisənin birləşdirilməsi əsasında yaradılıb.
Xatırladaq ki, şirkət daha iki ay əvvəl məcburi auditdən yayınmağa görə cərimələnib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC-yə 1500 manat inzibati cərimə tətbiq edilib. Məhkəmə işinə səbəb şirkətin 2024-cü il üzrə maliyyə hesabatlarının auditini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməməsi olub.
Qeyd edək ki, 2025-ci ilin noyabrında şirkətin əvvəlki direktoru Fəda Abbasov vəzifəsindən azad edilib. Sonradan müəssisəyə Hikmət Hüseynov rəhbər təyin olunub.