2027-ci ildən Azərbaycanda aqrar sektorun 90% güzəştlə vergiyə cəlb olunması həm kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iş adamları, həm də vergi işçiləri üçün yeni vəziyyət yaradır.
Bunu Yurd.Media-ya açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Təcrübə göstərir ki, aqrar sahədə əldə olunan gəliri və yaxud mənfəəti müəyyən etmək olduqca mürəbbəb prosesdir. Azərbaycan fermerlərinin böyük əksəriyyəti uçot sisteminə bələd deyil. Onlar üçün gəlirlərini və xərclərini dəqiq hesablamaq, vergi orqanına bəyan etmək çətindir. Eyni çətinlik həm də vergi işçilərini gözləyir. Onlar xüsusilə kiçik fermerlərlə iş prosesində əziyyət çəkəcəklər. Çünki, orta və iri təsərrüfatlardan fərqli olaraq kiçik təsərrüfatların əksər xərcləri qeyri-rəsmidir. Odur ki, kiçik fermerlər üçün sabit verginin tətbiqi məqsədəuyğundur. Bu, həm iş adamlarını, həm də vergi işçilərini qane edər”, - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, sabit vergi torpaq sahəsi 5 hektara qədər olan sahibkarlara tətbiq oluna bilər:
“Aqrar sektor rəsmiləri vaxtaşırı deyirlər ki, torpaq sahəsi 5 hektardan az olanların kənd təsərrüfatı fəaliyyəti elə də effektiv deyil, yəni onlar elə də böyük gəlir əldə etmirlər. Elə bunu nəzərə alaraq işğaldan azad edilmiş ərazilərdə aqrar fəaliyyətlə məşğul olmaq üçün bir fermerə azı 5 hektar torpaq sahəsi ayrılır. Hesab edirəm ki, torpaq sahəsi bundan az olanlar kiçik fermer hesab oluna və sabit vergi ödəyə bilərlər”.