Kürdəmirdə limon yetişdirilməsinə maraq artır. Rayonun müxtəlif kəndlərində salınan bağlarda fərqli sortlardan məhsul əldə olunur.
Yurd.Media xəbər verir ki, bəzi təsərrüfatlarda əvvəlcə bir neçə ağac əkilib, sonradan bağlar genişləndirilib, hazırda ayrı-ayrı təsərrüfatlarda onlarla limon ağacı becərilir.
Rayonda yerli və Ordubad sortları ilə yanaşı, xarici növlər də yetişdirilir. Bəzi limonların çəkisi 1 kiloqrama çatır. Bir ağacdan mövsüm ərzində 300-400 meyvə toplamaq mümkün olur.
Təsərrüfatçılar bildirirlər ki, limon ağacları həm yüksək temperaturdan, həm də soyuq havadan təsirlənir. Buna görə bitkilərə xüsusi qulluq göstərilməsi və qış aylarında qorunması vacibdir.
Yetişdirilən məhsul Kürdəmir və ətraf rayonların bazarlarında satışa çıxarılır. Hazırda dörd limonun qiyməti 1 manatdır. Gündəlik yığım isə bəzi təsərrüfatlarda 300 ədədə çatır.
Qeyd edək ki, rayonda limon yığımı sentyabrın sonlarından başlayır və yanvar ayına qədər davam edir. Məhsuldarlıq təsərrüfatçıların bu sahəyə marağını artırır.