Hər bir dövlət üçün ərzaq təhlükəsizliyi yalnız ölkənin kifayət qədər qida məhsuluna sahib olması deyil, həm də bu məhsulların daxili imkanlar hesabına istehsal edilməsi və emal olunmasıdır. İdxaldan asılılığın azaldılması, yerli xammalın sənaye məhsuluna çevrilməsi və istehsal zəncirinin gücləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Şəkər çuğundurunun becərilməsi və emalı da həmin zəncirin vacib həlqələrindən biridir.
Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz şəkərin süfrəmizə hansı yolla gəldiyi çoxumuz üçün o qədər də maraqlı görünməyə bilər. Halbuki onun arxasında fermerlərin əməyi, əkin sahələri, logistika, laboratoriya yoxlamaları və mürəkkəb sənaye prosesi dayanır. Yerli xammalın ölkə daxilində emal olunması isə kənd təsərrüfatı ilə sənaye arasında əlaqəni gücləndirməklə yanaşı, ərzaq təminatının dayanıqlılığına da töhfə verir.
Bu səbəbdən Yurd.Media bu il Kənd Təsərrüfatı İşçiləri Günündə İmişli Şəkər Zavoduna səfər etdi.
Aqrar Xidmətlər Agentliyi və “Azərsun Holdinq”in birgə təşkil etdiyi səfərin məqsədi aqrar sahədəki yeniliklərlə tanış olmaq və ölkədə şəkər istehsalının hansı mərhələlərdən keçdiyini yerində öyrənmək idi.

Şəkərin istehsal prosesi haradan başlayır?
Müəssisənin ərazisinə daxil olarkən diqqətimizi ilk cəlb edən məqam istehsala gətirilmiş şəkər çuğundurunun həcmi idi. Tarlalardan toplanan məhsul burada emal üçün qəbul edilir və bir-birini izləyən texnoloji mərhələlərdən keçir.
Gündəlik istifadə etdiyimiz şəkərin əldə olunması üçün çuğundurun zavoda gətirilməsi ilə başlayan proses əslində xeyli əvvəl – məhsulun yetişdirildiyi tarlalardan başlayır. Zavodda isə bu prosesin ilk mərhələsi xammalın qəbulu və keyfiyyətinin müəyyənləşdirilməsidir.
Müəssisənin Proses və Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Məhəmməd Abışovun jurnalistlərə verdiyi məlumata görə, zavodda istehsala 2006-cı ildə başlanılıb. O, şəkər çuğundurunun qəbulu zamanı tətbiq olunan nəzarət mexanizmləri barədə ətraflı məlumat verdi.

Bildirdi ki, zavoda daxil olan yük avtomobilləri əvvəlcə tərəzidə çəkilir. Daha sonra gətirilən məhsuldan nümunələr götürülərək laboratoriyada yoxlanılır. Bu zaman çuğundurun şəkərlilik dərəcəsi və digər keyfiyyət göstəriciləri müəyyən edilir. Nəticələr elektron sistemə daxil olunur və məhsulun göstəriciləri qeydə alınır.
Yoxlamalardan sonra avtomobillər boşaltma sahəsinə yönləndirilir. Burada xüsusi avtomatlaşdırılmış qurğular vasitəsilə çuğundur avtomobillərdən boşaldılaraq saxlama silolarına ötürülür. Proses başa çatdıqdan sonra nəqliyyat vasitələri yenidən tərəzidən keçirilir. Beləliklə, gətirilmiş məhsulun faktiki çəkisi hesablanır.
Qəbul mərhələsindən sonra çuğundur istehsal xəttinə daxil olur. İlk növbədə yuyulub torpaqdan və digər kənar qarışıqlardan təmizlənir. Daha sonra emal üçün növbəti mərhələlərə göndərilir.

Ağ şəkər necə əldə olunur?
Zavodda tanış olduğumuz proseslər arasında ən maraqlılarından biri şəkər kristallarının əldə edilməsidir. Çünki istehsalın bu mərhələsində xammalın emalı nəticəsində alınan məhsul artıq bildiyimiz şəkərə çevrilməyə başlayır.
Müəssisə nümayəndələri istehsalın ayrı-ayrı mərhələlərini izah edərkən sentrifuqaların iş prinsipini də nümayiş etdirdilər. Bu qurğular tərkibində şəkər kristalları olan qarışığın ayrılması prosesində mühüm rol oynayır. Sentrifuqa vasitəsilə ağ şəkər kristalları digər komponentlərdən ayrılır. Ardınca məhsul qurudularaq növbəti mərhələyə hazırlanır.
İstehsal zamanı əldə edilən aralıq məhsullardan biri də “lapa” adlandırılır. Zavod nümayəndələri bu məhsulun bəzən qəhvəyi şəkərlə qarışdırıldığını, lakin onların eyni olmadığını izah etdilər. Qəhvəyi şəkər ayrıca istehsal prosedurundan keçir və hazırlanma texnologiyasına görə ağ şəkərdən fərqlənir.
Mediatur zamanı qəhvəyi və ağ şəkərin müqayisəsi də diqqətimizi çəkən mövzulardan oldu. Xüsusilə qəhvəyi şəkərin daha faydalı hesab edilməsi ilə bağlı sualımıza cavab olaraq bildirildi ki, bu məhsulların tərkibi və hazırlanma üsulları fərqlidir. Dad xüsusiyyətlərinə də onların tərkibindəki digər maddələr təsir göstərir.
Beləliklə, bir çoxumuzun gündəlik istifadə etdiyi şəkərin süfrəmizə gəlməsi üçün kifayət qədər mürəkkəb istehsal zəncirindən keçməsi tələb olunur. Tarlada yetişdirilən şəkər çuğunduru zavodda qəbul edilir, laboratoriyada yoxlanılır, təmizlənir və texnoloji proseslər nəticəsində hazır məhsula çevrilir.

Aqrar sektorda bilik də məhsul qədər vacibdir
Daha sonra 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi aqrar sahə üzrə bilik və məlumatlılığı artırmaq, eləcə də proqramın məqsəd və vəzifələrinin ictimaiyyətə düzgün və dolğun şəkildə təqdim olunmasına töhfə vermək olub.
İlk olaraq, “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov çıxış edərək holdinqin fəaliyyəti, əsas fəaliyyət istiqamətləri, aqrar sahə və qida sənayesi ilə əlaqəli fəaliyyəti barədə iştirakçılara məlumat verib. O, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalının əhəmiyyətinə, aqrar sektorun inkişafında bu istiqamətlərin roluna toxunub.
Rza MəmmədovTəlim çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas müddəaları və prioritet istiqamətləri barədə ətraflı məlumat verilib. Təqdimatda aqrar informasiya-məsləhət sisteminin formalaşdırılması, inteqrir bitki mühafizəsi tədbirlərinin genişləndirilməsi, zərərli orqanizmlərin aşkarlanması, kənd təsərrüfatı texnikasına texniki nəzarətin təkmilləşdirilməsi və heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması məsələlərinə toxunulub.
Rəşad MehdizadəProqramın digər mühüm hissəsi aqrar sahəyə dair termin və anlayışların izahına həsr edilib. Aqrar Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Murtuzəli Hacıyev “Media nümayəndələrinin aqrar sahə ilə bağlı biliklərinin artırılması: aqrar terminlər və anlayışlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda aqrar sahədə istifadə olunan terminlərin düzgün anlaşılması və işlədilməsi, məlumatların dəqiq təqdim olunması, eləcə də kənd təsərrüfatı ilə bağlı xəbərlərin hazırlanmasında peşəkar yanaşmanın əhəmiyyəti vurğulanıb. Sonda mövzuların daha yaxşı mənimsənilməsi və iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi məqsədilə təlim çərçivəsində aqrar biliklər üzrə quiz təşkil olunub.
Murtuzəli Hacıyev