Cəlilabad rayonunda kartof sahələrində yayılan xəstəliklər fermerlərə ciddi ziyan vurur.
Yurd.Media-nın məlumatına görə, rayonun bir sıra kəndlərində kartof kolları quruyaraq məhv olur, bəzi təsərrüfatlarda isə məhsulun böyük hissəsinin yararsız hala düşdüyü bildirilir. Fermerlər aylarla çəkdikləri zəhmətin və xərclədikləri vəsaitin qarşılığını ala bilməyəcəklərindən narahatdırlar.
Xüsusilə Maşlıq kəndində vəziyyətin ağır olduğu bildirilir. Fermerlərin sözlərinə görə, bəzi sahələrdə xəstəliklər o qədər geniş yayılıb ki, kartof kollarının böyük hissəsi quruyub. Nəticədə məhsuldarlığın kəskin azalacağı, hətta bəzi sahələrdə çəkilən xərclərin belə geri qaytarılmayacağı gözlənilir.

Fermerlər yaranmış vəziyyəti istifadə etdikləri dərman preparatlarının təsirsizliyi ilə əlaqələndirsələr də, mütəxəssislər problemin başqa səbəblərinin də ola biləcəyini deyirlər.
Bitki mühafizəsi üzrə ekspertlərin fikrincə, kartof xəstəlikləri ilə mübarizədə əsas şərtlərdən biri preparatların düzgün seçilməsi, vaxtında tətbiqi və istifadə qaydalarına əməl olunmasıdır. Dərman vasitəsinin tərkibi ilə yanaşı, onun hansı mühitdə hazırlanması da təsir effektivliyinə birbaşa təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, bəzi preparatlar turş, digərləri neytral və ya qələvi mühitdə həll olunmalıdır. Bu tələblərə əməl edilmədikdə dərman tətbiq olunana qədər kimyəvi təsirini itirə, nəticədə xəstəliklərə qarşı gözlənilən effekti verməyə bilər. Buna görə də preparatların fermerin şəxsi təcrübəsinə əsasən deyil, mütəxəssis məsləhəti ilə seçilməsi vacibdir.
Qeyd olunur ki, yağışlı və rütubətli hava şəraitində kartof sahələrində xəstəliklərin yayılma riski daha da artır. Bu baxımdan xəstəliklərin ilkin əlamətlərinin vaxtında müəyyənləşdirilməsi, düzgün aqrotexniki qulluq və qabaqlayıcı bitki mühafizəsi tədbirləri məhsul itkisinin qarşısının alınmasında mühüm rol oynayır.
