Kənd təsərrüfatının şaxələndirilməsi və ixracyönümlü məhsul istehsalı iqtisadi gündəmimizin əsas istiqamətlərindəndir.
Yurd.Media xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, müasir aqrar texnologiyaların tətbiqi dərin bilik və təcrübə tələb edir, bəzi sahələrdə isə ixtisaslı kadr çatışmazlığı var.
"Aqropark rezidentinə, onun rəhbər və müavinlərinə, eləcə də cəlb etdiyi aqronom, bağçılıq üzrə mütəxəssis və baytar həkimə iş icazəsi tələbi aradan qalxacaq. Bu şəxslərə müvəqqəti yaşamaq icazəsi verilməsi mümkün olacaq. Bu yanaşma bir növ texnologiyalar parkı rezidentləri üçün artıq mövcud olan praktikanın aqrar sahəyə tətbiqidir.
Konseptual baxımdan vacib olan budur ki, xarici mütəxəssisin cəlb olunması məqsəd deyil, vasitədir. Əsas məqsəd bilik və texnologiyanın ölkəyə gəlməsi və yerli kadrların hazırlanmasıdır. Xarici mütəxəssis yerli aqronomun, baytarın və fermerin yetişməsinə töhfə verdikdə bu mexanizm həqiqi nəticə vermiş olacaq. Layihənin 2027–2032-ci illəri əhatə edən müvəqqəti xarakteri də nəticələri qiymətləndirməyə imkan verəcək".
N. Həmzəyev qeyd edib ki, növbəti illərdə bu dəyişiliklərin əlavə 5 ilə uzadılmaması üçün yerli gənc mütəxəssislərin xarici mütəxəssislərlə birgə çalışmalarını təmin və təşviq edəcək mexanizimlər də hazırlamağa çalışmalıyıq.