Lənkəranda görünüşcə yabanı xurma, meyvəsi çiyələyə bənzəyən, dadı isə tut olan ağac yetişib.
Yurd.Media-nın məlumatına görə, qeyri-adi ağac Lənkəran rayonunun Ləj kəndində Ramiz Cəfərovun təsərrüfatında bitir.
Təsərrüfat sahibi deyir ki, 3-4 il bundan əvvəl yaxın qohumunun qonağı olub. Ev sahibi ona hətyətində maraqlı bir ağacın olduğunu göstərib və meyvəsinin dadmasını deyib. Meyvəni dərib yeyəndən sonra görüb ki, tut dadı verir, amma meyvə özü çiyələyə oxşayır.
“Gətirdim həyətdə əkdim, xidmət elədim. Keçən il meyvə gətirmişdi, amma qalmadı. Bu il yetişdi artıq. Dadı tut dadıdır, görünüşcə meyvəsi çiyələyə oxşayır, ağacın yarpaqları isə yabanı xurmaya bənzəyir”- ev sahibi bildirib.
Onun sözlərinə görə ağacın ikinci maraqlı xüsusiyyəti odur ki, meyvəsi payız fəslində bar verib:
“Payız fəslində əsasən sərt bitkilər yetişir. Məsələn heyva, qaragilə, sitrus meyvələri və.s. Həssas meyvələr olan alça, çiyələk, alma, gilasın isə yetişmə vaxtı bitib. Bu ağac da o sinifə aid olduğuna görə təsəvvür edin sərt bitkilər vaxtı yetişdiyinə görə tam təəccüblüdür”.
Ağaca qulluq, tut ağacına qulluq kimi tələb edir:
"Yayda bir az su verirsən və ağac, öz kökünə oturdu, suya çatdısa, xidmətə çox da ehtiyac olmur".
İndi ağacda meyvə bitdikdən sonra budama işləri aparılacaq. Ağacın ətrafında olan kiçik ağaclar çıxarılıb digər ərazilərdə əkiləcək.

