Azərbaycanda torpaq islahatı vaxtı kənd təsərrüfatı təyinatlı torpaqlar kəndlilərə paylı mülkiyyət kimi verilib.
Yurd.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
Onun sözlərinə görə, torpaq hər kəs arasında bərabər bölünür:
“Yəni, məsələn, ailə təsərrüfatında 6 nəfər olubsa, ərazinin torpaq pay normasına uyğun olaraq hər kəs arasında bərabər bölünüb. Tutaq ki, hansısa kənddə pay norması 0,5 hektar olubsa, ailəyə 3 hektar olmaqla hər üzvə yarım hektar mülkiyyət düşüb. İndi hökumət Mülki Məcəlləyə dəyişiklik edib ki, 5 hektardan az torpağı olan ailələr mülkiyyəti bölüb sata bilməz. Yuxarıda göstərdiyim ailə 3 hektarı yalnız bütöv satmalıdır. Ailə üzvlərindən kimsə özünün 0,5 hektarını satmaq istəsə, o mülkiyyət digər üzvlərə qalmalıdır”, - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, burada bir neçə məqam var:
“Deyək ki, ailədən kiminsə ehtiyacı var, özünə paylı mülkiyyətdən düşən hissəni satmaq istəyir, amma digər üzvlərdən heç birinin onu almağa maddi imkanı yoxdur. Belə hal üçün bir istisna olmamalıdırmı? Yaxud, mən öz mülkiyyətimi heç satmıram, sadəcə ayırıb ona müstəqil çıxarış almaq istəyirəm, gələcəkdə övladıma vərəsə olaraq qoymaq üçün, ya da indi ehtiyacım var, banka girov qoyub kredit götürmək istəyirəm. Amma başqa üzvlər ümumi çıxarışı girov qoymağa razılıq vermir, bu zaman hüquqi baxımdan necə olmalıdır?”
Rövşən Ağayev