“Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 99,4 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 71,5 min ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
“Aqro İnvest və İstehsalat” MMC-nin nümayəndəsi Nemət Tahirov izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib. O, bildirib ki, avans olaraq köçürülmüş vəsait Türkiyənin “DORUK KAĞIT SAN. VE TİC. A.Ş.” şirkəti ilə bağlanmış 2024-cü il tarixli müqavilə üzrə ödənilib və həmin müqavilə üzrə mallar ölkəyə idxal edilib.
İdxal əməliyyatları rəsmiləşdirilərkən yük gömrük bəyannamələrində müqavilənin nömrəsi texniki səhv nəticəsində düz yazılmayıb və bu səhvin aradan qaldırılması üçün cəmiyyət bəyannamələrə dair Dövlət Gömrük Komitəsinə müraciət edib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Qeyd edəki, “Aqro İnvest və İstehsalat” MMC balıq və balıq məhsullarının, vodkaların idxalı ilə məşğul olur. Həmçinin şirkət balıq məhsullarının istehsalı ilə də məşğuldur. “Dəniz inciləri” brendi şirkətə məxsusdur.
2015-ci ildə dövlət qeydiyyatına alınan şirkət iribuynuzlu heyvanların idxalı və satışı, çınqıl daşların, karton qutuların və tekstil materialların istehsalı ilə də məşğul olur. Şirkətin nizamnamə kapitalı 2 milyon manatdır.
Hazırda “Aqro İnvest və İstehsalat”ın dövlətə vergi borcu 1,6 milyon manat təşkil edir.