Göygöl Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Süd və süd məhsullarının inkişafı sahəsində mövcud imkanlar, çətinliklər və inkişaf perspektivlərinin öyrənilməsi” mövzusunda görüş keçirilib.
Yurd.Media xəbər verir ki, görüş çərçivəsində heyvandarlıq və südçülük fəaliyyəti ilə məşğul olan sahibkarların qarşılaşdıqları problemlər dinlənilib, sahənin inkişaf istiqamətləri və perspektivləri ətrafında müzakirələr aparılıb.
Tədbir zamanı fermerlərin təklif və müraciətləri aidiyyəti qurumların nümayəndələri tərəfindən qeydə alınaraq onların həlli istiqamətində müvafiq imkanların nəzərdən keçiriləcəyi bildirilib. Görüşün regionda süd və süd məhsulları sektorunun inkişafına, sahibkarların fəaliyyətinin genişləndirilməsinə və mövcud çətinliklərin aradan qaldırılmasına müsbət töhfə verəcəyi vurğulanıb.
Görüşdə RİH-nin, İqtisadiyyat Nazirliyinin Gəncə-Daşkəsən regional bölməsinin, KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğunun, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinin, Aqrar Sığorta ASC-nin, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin, Göygöl Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, eləcə də bank sektorunu təmsil edən qurumların nümayəndələri iştirak ediblər.

