Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Keşkü kəndi ərazisində II Moruq festivalı keçirilir.
Yurd.Media xəbər verir ki, festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.
Festivalın tərəfdaşları Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, Aqrar İnnovasiya Mərkəzi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatorluğu, “Göygöl Şərab Zavodu” ASC, “Şirin Aqro” QSC, “Prior Leasing” şirkəti və digər dövlət və özəl qurumlardır.
Keşkü kəndində təşkil olunan festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılır, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq növlərinin dequstasiyası və satışı təşkil edilir. Festivala gələn ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı da qazanacaqlar.