SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək

Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək

  • 13 oktyabr 2026, 22:01
Ağdam

Qarabağda sənaye istehsalının genişləndirilməsi istiqamətində daha bir layihə planlaşdırılır.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən Yurd.Media-ya bildirilib ki, Ağdam Sənaye Parkında un istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur.

Məlumata görə, "Ağdam Agro Un" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət Parkın ərazisində investisiya dəyəri 12 milyon manat olan layihə həyata keçirəcək.

Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanına əsasən, 190 hektar ərazidə yaradılıb. Məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir. Parkda sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Burada rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən tam azaddırlar. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilir. Bununla yanaşı, sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər stimullaşdırıcı tədbirlər də nəzərdə tutulub.

Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.

Ağdam Sənaye Parkında 36 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 175 milyon manatdan çox investisiya qoyulub, 1000-dən artıq iş yeri yaradılıb.

Skat.az - Ev və Avtomobil elanları