Azərbaycan və Kamboca müxtəlif sahələrdə birgə istehsalın yaradılması imkanlarını nəzərdən keçirir.
Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kamboca baş naziri Hun Manetlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən bildirib.
Prezidentin sözlərinə görə, tərəflər həmçinin turizmin inkişafı və təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
"Biz həmçinin (bu gün Bakıda) müxtəlif sənaye sahələrində birgə istehsalın yaradılması imkanlarını, turizmin inkişafı və təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik. Sovet dövründə Azərbaycanda yüzlərlə kambocalı tələbə təhsil alırdı. Biz hesab edirik ki, bu ənənəni bərpa etmək və hər iki ölkənin vətəndaşlarının bir-birinin ölkəsində təhsil alması üçün imkanlar yaratmaq lazımdır. Bu, həmçinin xalqlarımız arasında birbaşa əlaqələrin möhkəmlənməsinə kömək edəcək", - İlham Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycanla Kamboca arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu ADA Universitetinin rektoru Hafiz Paşayev və Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutunun prezidenti Fann Makara mübadilə etdilər.
"Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.
"Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi"ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.
