SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Naxçıvanda yeni marşrut xətlərinə müasir avtobuslar buraxılacaq

Naxçıvanda yeni marşrut xətlərinə müasir avtobuslar buraxılacaq

  • 09 aprel 2026, 22:31
Naxçıvan

Naxçıvanda yeni marşrut xətlərinə müasir avtobuslar buraxılacaq.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Yurd.Media-ya bildirilib ki, bölgənin marşrut xətlərinin mövcud vəziyyəti və onların təkmilləşdirilməsi istiqamətində yeni konsepsiyalar müzakirə edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində keçirilən görüşdə nazirliyin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları, o cümlədən yerli icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Görüşün əsas məqsədi ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və yaşayış məntəqələri arasında nəqliyyat əlçatanlığının genişləndirilməsi olub.

Muxtar respublikanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov qeyd edib ki, həyata keçirilən yeniliklər sərnişindaşıma sisteminin daha səmərəli təşkili və xidmət səviyyəsinin yüksəldilməsinə yönəlib. Bildirilib ki, yeni marşrut xətlərində müasir avtobuslardan istifadə olunacaq ki, bu da sərnişinlərin təhlükəsiz və rahat daşınmasına şərait yaradacaq.

Görüş zamanı AYNA tərəfindən hazırlanmış iki konseptual layihə təqdim olunub. Layihələrdən biri rayon və kəndlərin birbaşa Naxçıvan şəhəri ilə əlaqələndirilməsini, digəri isə kənd-rayon mərkəzi-şəhər üzrə mərhələli daşınma modelini nəzərdə tutur. Təqdimat çərçivəsində mövcud marşrut şəbəkəsi, sərnişin tələbatı və mövcud problemlər təhlil edilib, həmçinin xəritə üzərində hazırkı və planlaşdırılan marşrutlar nümayiş olunub.

Bildirilib ki, təklif edilən yanaşmalar marşrut şəbəkəsinin optimallaşdırılmasına, sərnişin axınının düzgün istiqamətləndirilməsinə və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, marşrutların müsabiqə əsasında daşıyıcılara verilməsi, yeni xətlərin yaradılması, xidmət keyfiyyəti və təhlükəsizlik məsələləri də müzakirə olunub.

Vurğulanıb ki, muxtar respublikada nəqliyyat infrastrukturunun inkişafı istiqamətində işlər davam etdiriləcək, əhalinin tələbatına uyğun olaraq yeni marşrutların açılması və mövcud xətlərin təkmilləşdirilməsi təmin olunacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları