SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Xırdalanın bərbad yolu nə zaman təmir olunacaq? - ARAŞDIRMA

Xırdalanın bərbad yolu nə zaman təmir olunacaq? - ARAŞDIRMA

Abşeron

Abşeron rayonunun mərkəzi olan Xırdalan şəhərində yolun çala-çuxur olması sürücülərin işini xeyli çətinləşdirir.

Yurd.Media xəbər verir ki, Həsən Əliyev küçəsində yararsız yola görə tıxacalar yaranır, avtomobillər əks yola çıxırlar, ətrafı isə kanalizasiya sularının qoxusu bürüyür.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Yurd.Media-ya bildirilib ki, çuxurlara su aramsız yağan yağışlardan sonra yığılıb.

Xırdalan Şəhər İnzibati Ərazi Dairəsindən isə sorğuya cavab olaraq bildirilib ki, həmin küçədə bu ilin əvvəlində şəhər nümayəndəliyi tərəfindən cari təmir işləri həyata keçirilib:

"Yağan sonuncu intensiv yağışlardan sonra akademik Həsən Əliyev küçəsinin bir neçə yerindən qrunt sularının aktiv şəkildə fəallaşması müşahidə olunmuşdur. Bu səbəbdən də küçənin müəyyən hissələrində yol qatının yuyulması baş vermiş, ərazidə müxtəlif ölçülü çalalar əmələ gəlmişdir. Tərəfimizdən bu barədə aidiyyatı quruma məlumat verilmiş və onlar tərəfindən də qrunt sularının səthinin dəyişdirilməsi istiqamətində yaxın günlərdə işlər başlayacaqdır".

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir. Akademik Həsən Əliyev küçəsi də bu layihəyə daxildir:

"1B texniki dərəcəyə uyğun olaraq, inşa edilən avtomobil yolunun uzunluğu 28 km, hərəkət hissəsinin eni 22.5 m, ayrıcı zolağın eni 4 m, hərəkət zolaqlarının sayı 6-dır. 

Ona görə də bu layihə həyata keçirildiyi üçün sözügedən küçənin əsaslı təmiri məqsədəmüvafiq hesab olunmur."

Nümayəndə onu da vurğulayıb ki, 2026-2027-ci illər ərzində həmin yolun yeni, müasir standartlara uyğun formada sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq, keçən həftə Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən akademik Həsən Əliyev küçəsində yenidən cari təmir işləri aparılmış, karbonat materialı tökülmüşdür. Bundan əlavə asfalt sifariş verilmiş, yol örtüyü quruduqdan sonra işlərə başlanılacaqdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları