Paytaxtda yerləşən yaşayış binalarından birinin həyətində yolda başa çatan təmir – bərpa işlərindən sonra yol örtüyünün bərpa edilməməsi sakinlərin narazılığına səbəb olub.
Yurd.Media xəbər verir ki, problem Yasamal rayonu, Yeni Yasamal 1 yaşayış massivi, Əsəd Əhmədov küçəsi, 5-ci və 6-cı binaların həyətində qeydə alınıb.
Ərazidə yaşayan sakinlər redaksiyamıza bildiriblər ki, həyətdə yerləşən stomatoloji klinikanın qarşısında bir müddət öncə elektrik təchizatı ilə bağlı problem səbəbindən qazıntı işləri aparılıb. Təmir – bərpa işləri aidiyyəti qurum tərəfindən başa çatdırılsa da, qazılan sahənin asfalt örtüyü bu günədək bərpa olunmayıb.
Sakinlər qeyd edirlər ki, yağışlardan sonra həmin ərazidə palçıqlı gölməçələr yaranır. Bu isə avtomobillərin və piyadaların hərəkətini çətinləşdirir.
Onların sözlərinə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) əlaqə saxlamağa çalışsalar da, qurumun çağrı mərkəzinə düşə bilmirlər.
Sakinlər bildirirlər ki, əvvəl də eyni ərazidə su problemi ilə əlaqədar qazıntı işləri aparılıb. Həmin vaxt təmir-bərpa işləri başa çatdıqdan sonra ərazi bir müddət asfaltlanmayıb.