Bakının mərkəzi ərazisində yerləşən həyət 11 ildir işıqlandırılmır.
Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllə, bina 4-ün sakinləri Yurd.Media-ya bildiriblər ki, həyət sonuncu dəfə 2015-ci ildə işıqlandırılıb.
Bildirilib ki, həyətdə beton konstruksiyalı işıq dirəkləri olsa da, illərdir işlək vəziyyətdə deyillər. Hava qaraldıqdan sonra sakinlər telefonların işığından və alışqan fanarlarından istifadə edərək hərəkət etməli olurlar. Axşam saatlarında blokların girişlərindəki lampalar yandırılsa da, bu işıqlandırma ümumi həyət üçün kifayət etmir.
Məsələ ilə bağlı sakinlər 2025-ci ildə Bakı şəhər İcra Hakimiyyətinə və Yasamal rayon İcra Hakimiyyətinə müraciət etsələr də, problem bu günədək həllini tapmayıb. Hər iki qurum müraciəti baxılması üçün “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə yönləndirib.
“Bakı Şəhər İşığı” EŞM-dən isə bildirilib ki, küçə və prospektlərdə işıqlandırma sistemlərinin quraşdırılması qurumun səlahiyyətində deyil. Müəssisə yalnız digər podratçı təşkilatlar tərəfindən quraşdırılaraq onun balansına təhvil verilmiş işıqlandırma sistemlərinə texniki xidmət göstərir.
Cavab məktubunda həmçinin qeyd olunub ki, Bakı şəhərinin inzibati ərazisində işıqlandırmaya ehtiyacı olan küçə və prospektlərlə bağlı aparılmış təhlillər əsasında bir sıra ərazilərdə işıqlandırma artıq təmin edilib. Digər ərazilərdə isə işıqlandırma sistemlərinin quraşdırılması gələcəkdə nəzərdə tutulur.