Bakının əsas magistrallarından birinin şəhərsalma baxımından yenilənməsi ilə bağlı yeni layihə hazırlanır.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “McKinsey and Company (Azerbaijan), Inc” şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə müqavilə bağlayıb.
Belə ki, müqavilədə paytaxtın Heydər Əliyev prospektinin transformasiyası və şəhərsalma inkişafı konsepsiyasının həyata keçirilməsi ilə bağlı təşkilati baza, inkişaf planının hazırlanması üçün məsləhət xidmətlərinin aparılması nəzərdə tutulub.
Sözügedən işlərin icrasına 1 805 400 manat vəsait sərf olunacaq.
Qeyd edək ki, “McKinsey and Company” Amerikanın beynəlxalq konsaltinq şirkətidir. 1926-cı ildə James McKinsey tərəfindən Çikaqoda qurulan şirkət dünyanın ilk idarəetmə konsaltinq firması tituluna malikdir. Baş ofisi Nyu Yorkda yerləşən şirkətin 44 ölkədə 83 ofisi var. Şirkətin 10 000-dən çox işçisi və 3 milyard dollar dövriyyəsi var. Şirkət eyni zamanda idarəçilik üzrə məsləhət xidmətləri təklif edir.
Şirkətin Azərbaycandakı filialı 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Mehmet Murat Kutalmış Gürsoydur.